"Altı siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamın göstəricisidir"

"Altı siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamın göstəricisidir"

“Bir sıra partiyaların YAP-a qoşulması ilə bağlı verdikləri qərar ölkədə demokratik prinsiplərin inkişafının ən bariz göstəricisidir”

Bu sözləri politoloq Yusif Bağırzadə 6 siyasi partiyanın YAP-a birləşməsi haqqında verdikləri qərarı şərh edərkən deyib.

O bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır: "Bu baxımdan da 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasına bir nümunədir. Məlum olduğu kimi Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müracitə edib və  Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin siyasi partiyaların YAP-a qoşulmasına dair qərar qəbul edilib. Tamamilə əminəm ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Həmin partiyaların birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar. Bu qərar həmçinin ölkədə demokratik ənənələrin inkişafı baxımdan da təqdirəlayiq hesab olunmalıdır".
 
Politoloq qeyd edib ki, partiyalar tərəfindən belə bir qərarın qəbul olunmasında Prezident tərəfindən aparılan siyasi islahatların, ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın və təbii ki, yaradılmış siyasi dialoq mühitinin böyük təsiri olub: "Bu gün Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.  Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb".
 
Y. Bağırzadə partiyaların inteqrasiyası və birləşməsi nümunəsi həmçinin ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət etdiyini də vurğulayıb. "Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması sözsüz ki, siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır. Buna görə də nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamın da göstəricisidir”, - deyə politoloq qeyd edib.