"ABŞ-ın Əfqanıstanda atdığı addım Avropa İttifaqı üçün bəhanə oldu" - Politoloq

"ABŞ-ın Əfqanıstanda atdığı addım Avropa İttifaqı üçün bəhanə oldu" - Politoloq

“Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlər heç bir halda NATO-nu əvəz edə bilməz”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə son bir neçə gündür ki, Fransa-ABŞ, Fransa-Avstraliya münasibətlərindəki gərginlik, eləcə də Avropa İttifaqının öz ordusunu qurmaq niyyəti ilə bağlı danışarkən deyib. O bildirib ki, Avropa İttifaqının öz ordusunu qurmaq planları uzun illərdir ki, müzakirə olunur. Lakin ABŞ-ın Əfqanıstandan çıxması ilə bu istiqamətdə təşəbbüslər də sürətlənib. 

“Hələ sentyabr ayının əvvəlində Avropa İttifaqının xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borrel və birliyin hərbi komitəsinin sədri Klaudio Qraziano təşkilat daxilində azı 5 min personaldan ibarət çevik reaksiya birliyinin yaradılması təklifi ilə çıxış etmişdilər. Səbəb isə ondan ibarətdir ki, ABŞ Avropadakı müttəfiqləri ilə məsləhətləşmədən təkbaşına belə bir qərar verib və nəticədə Avropa İttifaqı dövlətlərinin bir qismi öz vətəndaşlarını vaxtında Əfqanıstandan çıxara bilməyiblər. Avropa İttifaqının öz ordusunu yaratması ideyasını isə ən çox Almaniya və Fransa dəstəkləyir. Avropa ittifaqın ən güclü iqtisadiyyatına malik Almaniya kansleri Angela Merkel bildirir ki, NATO qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan terror ocağına çevrilə bilər və buna müqavimət göstərmək lazımdır. Onun sözlərinə görə müttəfiq qoşunların çıxarılması ilə Əfqanıstanın yenidən beynəlxalq terror təhlükəsinin ocağına çevrilə biləcəyinə göz yummaq olmaz və bunun qarşısı alınmalıdır. Fransa prezidenti Emmanuel Makron da eyni arqumentlərlə ABŞ-ı tənqid atəşinə tutmuş və hətta Baydenə zəng edərək etirazını bildirmişdi”, - deyə politoloq qeyd edib.

Onun fikrincə, Avropa İttifaqının öz ordusunu qurmaq istəməsi üçün ABŞ-ın Əfqanıstanda atdığı addım sadəcə bir bəhanədir: “Bu tipli təşəbbüslər həm Almaniya, həm də Fransa tərəfindən neçə müddətdir ki, tirajlanır və o zaman hələ Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı danışıqlar belə aparılmırdı. Belə ki, hələ 2017-ci ildə Fransa və Almaniyanın başçılığı ilə 23 Avropa ölkəsi ABŞ-dan asılılığı azaltmaq və qitənin müdafiə sahəsində daha sıx işbirliyi etmək üçün müdafiə razılaşması imzalamışdılar. Razılaşmanı imzalayan dövlətlər Avropanın müdafiə mövzusunda öz ayaqları üzərində durmasının vaxtı gəldiyini deyirdilər. Həmin vaxt razılaşmanı yalnız İngiltərə, Danimarka, İrlandiya, Portuqaliya və Malta imzalamadı. Lakin razılşmadan keçən müddət ərzində dövlətlər ordunun qurulması üçün siyasi iradə nümayiş etdirə bilmədilər. İndi isə artıq əldə bəhanə var və buna görə də Avropa İttifaqı sözdən əməli işə keçmək üçün cəhdlər göstərir. Elə dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin bəyanatı da dediklərimi təsdiqləyir. Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur.  O, bəyan edib ki, “Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradə mövcuddur. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.

Y.Bağırzadənin sözlərinə görə, ABŞ-da öz növbəsində bu kimi təşəbbüslərə açıq şəkildə reaksiya verməsə də ancaq atdığı addımlarla Avropa İttifaqı dövlətlərinə göz dağı verir: “Belə ki, sentyabr ayının 15-də ABŞ, Böyük Britaniya və Avstraliya Sakit okean bölgəsində üçlü ittifaq yaratdıqlarını artıq bəyan ediblər. ABŞ prezidenti Co Baydenlə Böyük Britaniyanın baş naziri Boris Conson və onun Avstraliyalı həmkarı Skot Morrison arasında sentyabrın 15-də onlayn təqdim həyata keçirilib. Məqsədin Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirmək olduğu deyilsə də bu həm də Avropa İttifaqı ölkələrinə verilmiş mesaj kimi də qəbul oluna bilər. Elə Avstraliyanın Fransa ilə sualtı gəmilərin alınması ilə bağlı dəyəri 56 milyard avro olan müqaviləni ləğv edib ABŞ və Böyük Britaniya ilə yeni müqavilə bağlaması da Fransanın timsalında Avropa İttifaqı ölkələrinə xəbərdarlıqdır. Məlumdur ki, 2016-cı ildə Fransa ilə Avstraliya arasında bağlanan və hər iki ölkə tərəfindən “əsrin müqaviləsi” kimi qiymətləndirilən  sənədə əsasən, Avstraliya Fransadan 2023-cü ilə qədər 12 ədəd dizel yanacağı ilə işləyən sualtı gəmi almalı idi. İndi isə birdən-birə sualtı gəmilərin təhvil verilməsinə 2 il qalmış Avstraliya müqaviləni ləğv edib həmin hərbi texnikaları Böyük Britaniya və ABŞ-dan almağa qərar verib. Başqa sözlə Fransa milyardlarla dollar qazancdan məhrum olub. Avstraliya hökuməti hər nə qədər də səbəb olaraq Fransa sualtılarının dizel, ABŞ və Böyük Britaniya sualtılarının isə nüvə yanacağı ilə işləməsini və Qərbi Çin dənizinə və sahillərinə qədər uzun məsafələrdə kəşfiyyat apara bilməsini göstərsə də bu addımın ABŞ-ın diqtəsi ilə atıldığı şübhə doğurmur”.

Politoloq bildirir ki, daşın hardan atıldığını gözəl anlayan Fransa da tək Avstraliyanı deyil həm də ABŞ-ı hədəfləyən bəyanatlarla çıxış edir: “Fransanın Xarici İşlər naziri Jan İv Le Drian bu addımı “arxadan vurulan müttəfiq zərbəsi” və “xəyanət” kimi qiymətləndirib. O bildirib ki, "Avstraliya ilə etibarlı əlaqələrimiz vardı və Avstraliya tərəfi bu etimada xəyanət etdi. Bu, Parisi arxadan vurmaqdır. Mən əsəbiləşirəm, çünki müttəfiqlər arasında belə bir şey olmamalıdır". Le Drian ABŞ və Böyük Britaniyanı da hədəf alaraq "Bu birtərəfli, müttəfiqliyə yaraşmayan, gözlənilməz qərar bizə cənab Trampın etdiklərini xatırladır" deyib. Eyni səpkili bəyanatlarla həmçinin Fransa XİN-in və Müdafiə Nazirliyi də çıxış edərək baş verənləri “müttəfiq xəyanət” adlandırıblar. Avropa İttifaqının bundan sonra öz ordusunu qurub-qurmayacağını təbii ki, zaman göstərəcək. Lakin indidən onu demək olar ki, əgər bu baş tutarsa o zaman bundan ən çox Avropa itirəcək. Çünki Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlər heç bir halda NATO-nu əvəz edə bilməz, əksinə Avropanın özünü parçalaya bilər”.