"Ağdamın qan tökülmədən işğaldan azad edilməsi çox böyük uğurdur"

"Ağdamın qan tökülmədən işğaldan azad edilməsi çox böyük uğurdur"

“Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyamıza qatmağımız çox böyük uğurdur”.
 
Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Agdamın işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: "Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Fürsətdən istifadə edərək bütün Ağdamlıları və xalqımızı bu tarixi gün münasibətilə təbrik edirəm. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi və işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Belə ki, hələ işğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik  Zakir  Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və s. onlarla görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyardır". 

Politoloq qeyd edib ki, işğal nəticəsində ermənilər tərəfindən Ağdamda olan evlər dağıdılmış və hətta daşlar belə sökülüb aparılmışdır: "Mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,  Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələrin də vəhşicəsinə uçurulduğunun şahidiyik. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin çox kobud şəkildə pozulmasıdır və Azərbaycan erməni vandalizminin cızalndırılması üçün bütün hüquqi imklanlardan istifadə etməlidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu məsələdə təkcə dövlətin rəsmi qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə çox böyük ehtiyac var". 

Yusif Bağırzadə vurğulayıb ki, Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq və həm bölgənin, həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcək: "Necə ki, Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir bundan sonra eyni fəaliyyət rayonun işğaldan azad edilmiş bütün ərazisində həyata keçiriləcək. Ümidvaram ki, qısa vaxt ərzində bizlər Ağdamən əvvəlki gücünü özünə qaytara biləcəyik. İşğaldan əvvəl Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Bütün bunların bərpa edilməsi üçün Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir və tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.