Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

2024-cü il iyulun 4-də Azərbaycan Respublikası Ali Məhkəməsinin dəvəti ilə ölkəmizdə səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.

Bu barədə Axeber.az-a Ali Məhkəmədən məlumat verilib.

Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Məhkəmə sistemində yeni informasiya texnologiyalarından istifadə edildiyi, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığı, qanunvericiliyin təkmilləşdirildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi zamanın tələbidir.

Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Faiq Zidan ikitərəfli əlaqələri yüksək qiymətləndirib, iki ölkə arasında məhkəmə-hüquq sahəsində münasibətlərin daha da genişlənməsi üçün imkanların olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin təşkilati-hüquqi təminatının, müsbət təcrübəsinin öyrənilməsi xüsusi önəm daşıyır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.