Koronavirusa yoluxan uşaqlar necə müalicə olunmalıdır? - Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxan uşaqlar necə müalicə olunmalıdır? - Həkimdən AÇIQLAMA

Məlum olduğu kimi, ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. COVID-19 infeksiyasının geniş yayıldığı bir zamanda bir çox valideynlər övladlarının məktəbə getməsindən narahatdır. Onlar ənənəvi tədrisin bərpasının təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyini düşünsə də, övladlarının koronavirus infeksiyasına yoluxa biləcəyindən qorxurlar.

Pediator-neanotoloq, uzman həkim Altay Abdullayev Axeber.az-a açıqlamasında valideynləri qorxmamağa çağırıb. O bildirib ki, uşaqlar arasında yoluxma hallarına rast gəlinsə də, onlar əksər hallarda koronavirus infeksiyasını yüngül keçirir.

"Uşaqlar koronavirusu böyüklərə nisbətən daha yüngül keçirirlər. Virusa yoluxan uşaqlarla bağlı xeyli sayda valideyn müraciəti olub. Lakin təcrübəmdə hələ ki uşaqlarda ağırlaşma hallarına rast gəlməmişəm. Onların əksəriyyəti xəstəliyi yüngül formada keçirib", - deyə A.Abdullayev qeyd edib.

O, COVID-19-la mübarizədə uşaqlar üçün xüsusi müalicə metodunun olmadığını deyib: "Uşaqlarda hər hansı bir simpton olduqda valideynlər dərhal təşvişə düşür və çoxlu dərman vasitələrindən istifadə etməklə sağaltmağa çalışırlar. Hətta bəzi hallarda vitaminlərdən belə yersiz çox istifadə edirlər. Buna ehtiyac yoxdur. Mən valideynləri qorxmamağa çağırıram. Çünki əksər hallarda uşaqların xüsusi bir dərman vasitəsindən istifadə etmədən, bol miqdarda meyvə-tərəvəz və çoxlu maye qəbul edərək sağalması mümkündür. Əgər burun axması varsa, burun spreyindən, yüksək temperatur olduğu halda isə qızdırma salan dərmanlardan istifadə edilə bilər".

Həkim uşaqlarda koronavirusa yoluxmanın qarşısını almaq üçün valideynlərə tövsiyələrini verib: "İlk növbədə virusa yoluxmamaq üçün zəruri gigiyenik qaydalara əməl edilməlidir. Bundan başqa, uşaqların ümumi sağlamlığına diqqət yetirilməlidir. Allergiya, qan azlığı və sair kimi yan xəstəliklər varsa, vaxtında müalicə olunmalıdır. Həmçinin uşaqların qidalanmasına diqqətlə yanaşmaq lazımdır. Çalışmaq lazımdır ki, onlar bol miqdarda meyvə-tərəvəz qəbul etsinlər".