"Antimilli ünsürlərin ictimai rəyi manipulyasiya etmək cəhdləri nəticə verməyəcək"

"Antimilli ünsürlərin  ictimai rəyi manipulyasiya etmək cəhdləri nəticə verməyəcək"

“Xalq artıq bunların kim olduğunu, nəyə və hara xidmət etdiyini bilir”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan ordusunun erməni təxribatlarına qarşı həyata keçirdiyi əməliyyatdan sonra radikal müxalifət tərəfindən ordumuzu və dövlətimizi hədəf alan açıqlamalara münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar bu ölkənin siyasi-hərbi hakimiyyətinin təcavüzkarlıq məqsədlərindən əl çəkmədiyini bir daha sübut edir.

"Birmənalı şəkildə demək olar ki, sərhəddə baş verən təxribatlar sülh müqaviləsinin pozulmasına xidmət edir. Törədilən təxribatlar, atəşkəsin pozulması, diversiya qruplaşmalarının Azərbaycanın ərazilərinə keçmək cəhdi, ərazilərin minalanması, böhtan, şantaj kampaniyası və Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi təzadlı bəyanatlar bu dövlətin yenidən müharibə törətmək, ərazilərimizi işğal etmək məqsədində olduğunu göstərir. Təbii ki, Ordumuz Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribata layiqli şəkildə cavab verdi və bundan sonra da bu cür təxribatlara dərhal cavab verəcək. Ordumuzun tərxibata qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı hücum xarakterli obyektlər darmadağın edilib. Bu təxribatla Ermənistan hakimiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirdi. Diplomatik müstəvidə sülh sazişindən boyun qaçırmağın mümkünsüz olduğunu görən Ermənistanın sülhü pozmaq üçün açıq-aydın təxribat yolu seçdiyini açıq şəkildə ortaya qoyur", - deyə politoloq qeyd edib.

Y.Bağırzadə deyib ki, Azərbaycan Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatla bir daha öz qüdrətini, döyüş hazırlığını həm qarşı tərəfə, həm də onun havadarlarına nümayiş etdirdi: "Sözsüz ki, döyüş əməliyyatları müdafiə xarakterlidir və Azərbaycan öz ərazilərini müdafiə etməyə borcludur. Ancaq erməni tərəfi bu fikirdə deyil və onlar yaydıqları dezinformasiyalar ilə yenə də dünyanı çaşdırmaq fikrindədirlər. İlk olaraq Azərbaycan Ordusunun hücuma keçməsi və Ermənistan ərazilərinə daxil olması, müəyyən əraziləri işğal etməsi barədə Ermənistan hakimiyyətinin yaydığı yalan məlumatların, təbii ki, heç bir əsası yoxdur və ola da bilməz. Lakin təəssüf ki, işğalçı məlum olduğu halda, təcavüzkar məlum olduğu halda ABŞ, İran, Fransanın timsalında Azərbaycan əleyhinə bəyanatların şahidi oluruq. Başqa sözlə niyəsə 30 illik işğal dövründə susan ölkələr və təşkilatlar indi öz sərhədlərini qorumaq üçün əməliyyat keçirən Azərbaycanı qınaq obyektinə çevirməyə cəhdlər edirlər. Ən narahatverici məqam isə odur ki, Azərbaycanı hədəf alan bəyanat və açıqlamaları təkcə adət etdiyimiz, ənənəvi olaraq hər addımda Azərbaycanı baltalamaq istəyən xarici qüvvələrdən deyil, həm də öz bəyanat və açıqlamaları ilə ermənilərlə eyni mövqe sərgiləyən radikal müxalifət təmsilçiləri və onların ayrı-ayrı xarici ölkələrə sığınmış tərədarlarından da eşidirik. Ölkəmiz üçün olduqca mühüm və həssas olan bu dönəmdə belə özünü milli birlikdən kənarda saxlayan və xalqla, dövlətlə həmrəylik nümayiş etdirə bilməyən bu ünsürlər bir daha hansı məqsədlərə xidmət etdiklərini ortaya qoyurlar. Öz mənfur xislətindən əl çəkməyən dağıdıcı ünsürlərin sosial şəbəkələr vasitəsilə Azərbaycan ordusunun keçiridiyi əməliyyata kölgə salmaq niyyəti təbii ki təsadüfi sayıla bilməz. Belə ki, siyasi ritorikasında ermənipərəst mərkəzlərin tezislərinə əsaslanaraq ictimai rəydə çaşqınlıq yaratmaq istəyənlər bir daha anti-Azərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirdiklərini əməlləri ilə sübut edirlər. Azərbaycan hakimiyyətini yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifətin açıq-aydın Ermənistanın müdafiəsinə başladığını hər kəs görür. Unutmaq lazım deyil ki, söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Azərbaycan ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdilərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verib, onlara növbəti dəfə yerini göstərib. Başqa cür ola da bilməzdi. Azərbaycan Ordusu düşmənin ərazilərimizə daxil olaraq əsgərlərimizin təminat yollarını minalamasına, ordumuzu və mülki insanımızı hədəf almasına göz yuma bilməzdi. Əgər düşmən üzərimizə hucum edirsə həmin atəş nöqtələrini məhv etmək və düşməni zərərszləşdirmək mütləqdir və ən başlıca vəzifədir. Bu baxımdan, həyata keçirilmiş cavab əməliyyatını Ermənistan ərazisinə hücum kimi qiymətləndirilmək cəfənfiyatdan başqa bir şey deyil.  Mən tamamilə əminəm ki, şəhid və qazilərimizin adıları ilə manipulyasiya edərək sosial şəbəkələrdə keçirilmiş əməliyyatlara kölgə salmağa çalışan bu antimilli ünsürlər əməliyyat keçirilməyəcəyi halda da “Ermənistandan ərazilərimizə hücum olur niyə onlar susdurulmur” deyib bar-bar bağıracaqdılar. Sevindirici hal isə odur ki, xalq artıq bunların kim olduğunu, nəyə, hara xidmət etdiyini bilir və ola ona görə də onların ictimai rəyi manipulyasiya etmək cəhdləri öz nəticəsini vermir”.