"Azərbaycan beynəlxalq aləmdə öz maraqlarının təmin edilməsinə uğurla nail olur" - Politoloq

"Azərbaycan beynəlxalq aləmdə öz maraqlarının təmin edilməsinə uğurla nail olur" - Politoloq

"Azərbaycanın Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi İƏT üçün mühüm üstünlüklər vəd edir".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı və Prezident İlham Əliyevin toplantıdakı çıxışı ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və bu quruma üzv olan ölkələr eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatında təmsil olunurlar. Həmin dövlətlərlə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri yaradılıb. Elə bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasına mühüm töhfələr verir. İstər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi. Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir".

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin İƏT Zirvəsində çıxışı Azərbaycanın regional beynəlxalq əməkdaşlığa verdiyi töhfələri dəyərləndirmək baxımından çox əhəmiyyətli mənbədir: "Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasına, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq dayanıqlı inkişafını təmin etməsi konkret rəqəmlər əsasında diqqətə çatdırıldı. Prezidentin də qeyd etdiyi kimi, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmış, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşmağa müvəffəq olmuşdu. Münbit sərmayə iqliminin yaradılmasının nəticəsidir ki, indiyə qədər Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb və bunun da yarısı xarici sərmayənin payına düşür. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun cəmi 17,3 faizini təşkil edir və 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.

​Ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, əldə olunan nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Ümumiyyətlə isə qeyd etməliyəm ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın İƏT-i bir təşkilat olaraq daha da gücləndirmək üçün nələr etdiyini və bundan sonra da nələr etmək gücündə olduğunu təfsilatı ilə təqdim etdi. Düşünürəm ki, Prezidentin Azərbaycanın son illərdəki iqtisadi uğurları barədə detallı təqdimatları İƏT ölkələri üçün çox cəlbedici olacaq. İlham Əliyev Zirvədə bir daha göstərdi ki, bizim ölkəmiz İƏT sisteminə həm özünün hazırkı iqtisadi inkişaf modeli, həm də potensial imkanları ilə dinamik olaraq artan töhfələr verməkdə davam edəcək".

Y. Bağırzadənin sözlərinə görə, Zirvə Toplantısında digər mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasının regiona hansı yenilikləri gətirəcəyi ilə bağlı oldu. "Prezident qeyd etdi ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq. Heç şübhəsiz ki, İƏT üzvü ölkələrinin Zəngəzur dəhlizindən fəal istifadəsi onlar arasında iqtisadi inteqrasiyanın daha da güclənməsinə gətirib çıxaracaq. Burada nəzərə alınmalıdır ki, Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib və hökumətlərarası regional təşkilat olan İƏT Zəngəzur dəhlizindən yararlanmaqla davamlı iqtisadi inkişafında yeni nailiyyətlərə imza ata bilər. Azərbaycanın Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi də bu fonda İƏT üçün mühüm üstünlüklər vəd edir. Ümumiləşdirərək qeyd edə bilərəm ki, Zəngəzur dəhlizi tək Azərbaycana yox, İƏT təşkilatına böyük imkanlar gətirəcək".

Politoloq bildirib ki, ​Zirvə görüşünün digər vacib məqamı qəbul edilən Aşqabad sənədi ilə bağlıdır: "Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan beynəlxalq aləmdə öz maraqlarının təmin edilməsinə də uğurla nail olur. Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə nail olmaq mümkündür".