"Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir" - Yusif Bağırzadə

"Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir"  - Yusif Bağırzadə

“Bu gün hər bir Azərbaycan vətəndaşının bir istəyi var: Ali baş komandanla Azərbaycan uğrunda İrəli”

Bu fikirləri Axeber.az-a saytımıza açıqlamasında politoloq Yusif Bağırzadə iyunun 12-dən etibarən Azərbaycan – Ermənistan sərhəddində baş verənləri şərh edərkən deyib. O bildirib ki, Ermənistan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil.

“İlk öncə vətən uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizə Allah rəhmət eləsin deyir, yaxınlarına və bütün xalqımıza baş sağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirəm. Şəhidlər ölməzdir və onların ruhu daim qəlbimizdə yaşayacaqdır.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.    Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Ümid edirəm ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər” – deyə politoloq qeyd edib.

Y.Bağırzadənin fikrincə son günlər baş verənlər bir daha göstərir ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi yüksək səviyyədir: “Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Baş verənlərə vətəndaşlarımızın münasibəti isə alqışlanmalı və qürür duyulmalıdır. Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha görmüş olduq. Hər birimiz Azərbaycan vətəndaşları olaraq Ali Baş Komandanın bir əmri ilə səfərbər olmağa və Azərbaycan uğrunda şəhid olmağa hazırıq”.