“Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin belə öhdəsindən məharətlə gəlir”

“Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin belə öhdəsindən məharətlə gəlir”

“Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin belə öhdəsindən məharətlə gəlir”. 

Axeber.az-ın məlumatına görə, bu fikirləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin 17 oktyabr tarixli müraciətində səsləndirdiyi fikirləri şərh edərkən deyib.
 

O xatırladıb ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Politoloqun sözlərinə görə, ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib: "Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin, Füzuli şəhərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər.

Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməkdə əsas məqsədi vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaqdan obarət idi ki, bu cəhdləri də növbəti dəfə tam iflasa uğradı". 
 

Yusif Bağırzadə qeyd edib ki, işğalçı Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız yağı düşmənin mülki vətəndaşlara qarşı yönəlmiş bu alçaq, insanlığa sığmayan hərbi cinayətlərinə baxmayaraq, dövlətimizin taleyinin həll olunduğu bu ağır günlərdə heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini tələb edir.

"Bu gün vətəndaşlarımız yüksək vətənpərvərlik, həmrəylik, sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına hərtərəfli dəstək verirlər. Azərbaycanın hər bir guşəsində, o cümlədən də fasiləsiz raket atəşləri altında yaşamağa məcbur olan Gəncə, Tərtər, Ağdam, Beyləqan və digər şəhər və kəndlərimizdə insanlar Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək ona etimad göstərdiklərini bəyan edirlər.

Cənab Prezident 17 oktyabr tarixli çıxışında digər bir məsələyə də toxunaraq Ermənistan əlində olan silah-sursat ehtiyatı ilə bağlı da məlumat verdi ki, bu da olduqca vacib məqamdır. Belə ki, hərbi əməliyyatlar başladığı gündən bu günə qədər Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistana məxsus hərbi  texnikanın siyahısına baxsaq, onda belə bir sual ortaya çıxır “bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistan, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi bir dövlət müharibə aparmaq üçün bu qədər silah və texnikanı hansı yollarla əldə edib?”

Azərbaycanın bu suallara cavab tələb etməyə haqqı var və bu eyni zamanda beynəlxalq ictimaiyyəti də düşündürməlidir". 

​Politoloq vurğulayıb ki, bu düşmən ölkənin nə qədər silah və texnikası olmasından asılı olmayaraq, nə qədər havadarları olmasından asılı olmayaraq, bu gün tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan ordusu tarix yazır: "Sentyabrın  27-dən başlanan hərbi əməliyyatların gedişi açıq-aydın göstərir ki, Azərbaycan Ordusu intellektual müharibə aparır və qarşı tərəfin mülki əhalisinin itkilərinə yol vermədən  30 ilə yaxın bir müddətdə qurulan və keçilməz hesab olunan istehkamlarını dağıdır, işğal altında olan  torpaqlarımızı  bir-birinin ardınca  azad edir. Prezidentin də qeyd etdiyi kimi aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Bu gün böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirən ordumuz haqq savaşı aparır və haqqı bərpa edir. Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin belə öhdəsindən məharətlə gəlir. “Qarabağ Ermənistandır və nöqtə”, “Şuşada yallı getmək”, “Şuşada qondarma rejimin başçısına “andiçmə” mərasimi keçirmək” kimi Paşinyanın cılız təfəkkürünün məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir. Elə bu inamın, bu peşəkarlığın və şücaətin nəticəsidir ki, Ermənistan silahlı qüvvələrinin rəhbərliyi nəhayət ordunun mövqelərdən geri çəkilməyə məcbur olduğunu ifadə edir”.