Azərbaycan şahmatçıları superturnirdən kənarda qaldılar

Azərbaycan şahmatçıları superturnirdən kənarda qaldılar

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen superturnir təşkil edəcək.

Axeber.az bildirir ki, mükafat fondu 250 000 ABŞ dolları olan onlayn yarış aprelin 18-də start götürəcək.

Turnirdə dünya reytinqinin ən yaxşı 8 qrossmeysteri iştirak edəcək. 7 raunddan ibarət dövrəli sistem formatında təşkil olunacaq və 2 həftə davam edəcək turnirdə norveçli şahmatçı ilə yanaşı, Fabiano Karuana (ABŞ), Din Liren (Çin), Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ) qüvvəsini sınayacaq.

Hər görüş 4 partiyadan ibarət olacaq. Qalib gələn şahmatçı 3 xal qazanacaq, məğlub olan isə xalsız qalacaq. 2:2 hesablı heç-heçə zamanı əlavə görüş keçiriləcək və "armaqeddon"da qələbə qazanan qrossmeysterin aktivinə 2 xal yazılacaq. Uduzan isə 1 xalla kifayətlənəcək.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün açıqladığı reytinqdə Azərbaycan şahmatçılarından Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qərarlaşıb. Bu səbəbdən onlar Maqnus Karlsenin təşkilatçısı olduğu turnirdə iştirak etməyəcəklər. //report