Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlər keçirməsi müzakirə olunub

Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlər keçirməsi müzakirə olunub

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axeber.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.

Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Qazaxıstan Respublikasının müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.