Oxumayan şagird sinifdə qalmalıdır? "Başqa yol var" - EKSPERT ŞƏRHİ

Oxumayan şagird sinifdə qalmalıdır? "Başqa yol var" - EKSPERT ŞƏRHİ

Valideynləri narahat edən problemlərdən biri də övladlarının sinifdə qala bilməsidir. Son statistik məlumatlara görə, 4000 -dən çox şagird sinifdə qalıb. Ekspertlərin fikrincə, əslində bu rəqəm azdır, şagirdlərin qiymətləndirilməsi şəffaf aparılarsa, daha çox şagirdin aşağı qiymət alması üzə çıxar.

Təhsil eksperti Kamran Əsədov Axeber.az-a bildirib ki, şagirdlər məktəbə gəlirsə, bu, o demək deyil ki, onlar sinifdən sinfə keçə bilərlər: "Bunun üçün məktəblilər dərslərini oxuyub, qiymət almalıdır. Qanunvericilik aktlarına görə dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır. İndiyə qədər bu qayda olmayıb. Son iki ildir ki, bu həyata keçirilir. Bir və üç fəndən illik “kafi” qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir.

Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığından yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır".

K.Əsədov qeyd edib ki, ibtidai siniflərdə şagirdlərin sinifdə saxlanılmasına icazə verilmir: "İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir".

Onun sözlərinə görə, rəsmi qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz: "Məsələn, əgər şagird birinci yarımildə “yaxşı”, ikinci yarımildə isə “qeyri-kafi” qiymət alarsa, onun nəticəsi müsbət qiymət çıxarılmayacaq.

Amma qeyd etmək istəyirəm ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Məsələn, obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır".

K.Əsədov vurğulayıb ki, şagirdlərin sinifdə saxlanılması ilə bağlı statistik rəqəmlər onu göstərir ki, orta məktəblərdə məktəbdaxili qiymətləndirmədə irəliləyişlər var: "Bu, Təhsil Nazirliyinin artıq orta məktəblərdə keyfiyyətə xüsusi diqqət yetirdiyini göstərir. Hesab edirəm ki, bu tipli yanaşma təhsilin inkişafına müsbət təsir göstərəcək".

Təhsil eksperti Elşən Qafarov Axeber.az -a bildirib ki, hazırda ölkədə təxminən 1 milyon 600 minə yaxın şagird təhsil alır: "Bunların arasında 4000 şagirdin sinifdə saxlanılması real vəziyyəti əks etdirmir. Real rəqəmlər bundan qat-qat çox olmalıdır. Hələ şagirdlərin qiymətləndirilməsində tam şəffaf mühit olmadığına görə cəmi 4000 nəfər sinifdə qalıb. Hələ bu 4000 min şagird arasında böyük qismini dərsə gəlməyənlər təşkil edir. Müəllimlər məktəblərdə obyektiv qiymətləndirmə keçirməlidir. Şagird oxudu-oxumadı ona yaxşı qiymət yazıb sinifdən sinfə keçirmək həm valideyn, həm də şagird üçün arxayınlıq yaradır. Eyni zamanda məktəbin və tədris prosesinin səviyyəsini aşağı salır. Ona görə də qiymətləndirmədə obyektivlik təmin olunmalıdır, uşağın qiyməti neçədirsə, o da yazılmalıdır".

Aynurə Məmmədova