İctimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağa ləğv edilsin - Sabiq deputatdan TƏKLİF

İctimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağa ləğv edilsin - Sabiq deputatdan TƏKLİF

Sabiq millət vəkili, politoloq Yusif Bağırzadə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə qoyulmuş qadağaların yumşaldılması ilə bağlı təkliflə çıxış edib.

Y. Bağırzadə Axeber.az-a açıqlamasında bununla bağlı 3 təklif irəli sürüb. Onun fikrincə, öncə şənbə-bazar günləri ictimai nəqliyyatdan istifadəyə qoyulan qadağa aradan qaldırılmalıdır: "İş günləri daha çox insanın ictimai nəqliyyatdan istifadə etdiyi vaxtlarda ictimai nəqliyyatın işləməsi, şənbə-bazar günləri isə qadağa tətbiqini heç nə ilə izah etmək mümkün deyil. Çimərliklərin fəaliyyətinə icazə verildiyi halda həftə sonları ictimai nəqliyyatın istifadəsinə tətbiq olunan qadağa aztəminatlı ailələrin çimərliklərdən istifadəsində çətinliklər yaradır ki, bu da ictimai narazılıq yaradır.

Politoloq ikinci təklif olaraq geyim mağazalarının fəaliyyətinə qoyulan qadağaların götürülməsinin vacibliyini vurğulayıb. Y. Bağırzadə təklifini belə əsaslandırıb: "İnsanların daha çox alış-veriş etdiyi və daha çox insanın olduqları ərzaq mağazalarının fəaliyyətinə icazə verildiyi halda “Mall”ar istisna olmaqla, digər geyim mağazalarının fəaliyyətinə icazə verilər bilər. Bu mağazalardan alış-veriş edən insanların sayı gündəlik olaraq ərzaq mağazalarından alış-veriş edənlərin sayından dəfələrlə az olur.

Sabiq deputat sonda kafe-restoranların fəaliyyətinə qoyulan qadağaların yumşaldılması ilə bağlı təklifini açıqlayıb: "Açıq havada, həyətyanı sahəsi olan restoranlarda masaların bir-birindən 3 metr məsafədə yerləşdirilərək hər masada 5 nəfərdən çox olmamaqla və ya kabinələri olan kafe və restoranlarda yenə də eyni saydan çox olmayaraq fəaliyyətə icazə verilə bilər".