Azərbaycanda vəkili ölümlə hədələdilər

Azərbaycanda vəkili ölümlə hədələdilər

Vəkil Sakit Novruzov ölümlə təhdid edildiyini idda edir. 

E-huquq.az xəbər verir ki, məhkəmədə cavabdeh şəxs onu öldürəcəyi ilə hədələyib. S. Novruzovun sözlərinə görə, hadisə ilə bağlı aiddiyyatı orqanlara məlumat verib: 

"Abşeron Rayon Məhkəməsinin icraatında olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair iddiaya dair mülki işdə vəkil kimi iştirak edirdim. Məhkəmə iclasında cavabdehlərdən biri qışqır-bağır salaraq dəfələrlə məhkəmə iclası gedişatının normal ahəngini pozduğuna görə hakim tərəfindən xəbərdarlıq edildi. Bütün edilən xəbərdarlığa məhəl qoymayan vətəndaş məhkəmə iclasından polis əməkdaşları vasitəsilə zorla çıxarıldı. Məhkəmə iclası yekunlaşdıqdan sonra məhkəmə iclasının gedişatını pozan şəxs mənə yaxınlaşaraq, mənə niyə ədalətli araşdırma etmədən hüquqlarını müdafiə etdiyim şəxsin vəkilliyini etdiyimi yüksək səslə mənə bildirdi. Mən ona vəkil olduğumu, vəzifəm olduğunu və qeyd etdiyi halın qanunvericiliyin tələblərinə zidd olmadığını qeyd etsəm də vətəndaş cəmiyyətə hörmətsizlik ifadə edərək hüquqlarını müdafiə etdiyim şəxsi yüksək səslə söydü və hüquqlarını müdafiə etdiyim şəxslə məni dəfələrlə öldürəcəyi ilə hədələdi.

Avtomobilimə əyləşmək istəyərkən, avtomobilin qapısını tutdu və məni kənar bir yerə dəvət edərək başa salacağını bildirdi. Daha sonra, məni unutmadığını və tapıb öldürəcəyi ilə hədələdi. Qeyd etdiyim hallar məhkəmənin qarşısında baş verdi və məhkəmənin inzibati binasında quraşdırılmış kameralar vasitəsi qeydə alındı. Bu gün hadisə gec saatlarda (iş saatı bitdikdən sonra) baş verdiyi üçün Vəkillər Kollegiyasına telefon vasitəsi ilə bildirdim. Sabah qeyd olunan məsələ ilə bağlı Vəkillər Kollegiyasına müraciət edəcəyəm. Dəfələrlə hörmətli sədrimiz, cənab Anar Bağırov vəkillərin problemləri ilə bağlı istənilən saatda müraciətinə açıq olduğunu qeyd edib".