Azərbaycanın baş infeksionistindən koronavirusla bağlı - MÜHÜM AÇIQLAMA

Azərbaycanın baş infeksionistindən koronavirusla bağlı - MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu, ölkəmizdə indiyədək gündəlik yoluxma sayına görə rekord hesab olunur. Yoluxma sayının artmasına baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılıb.

Karantin rejiminin yumşalması yoluxmaların daha çox artmasına səbəb ola bilərmi? Belə olan halda, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi gözləniləndirmi?

Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev Axeber.az-a açıqlamasında bildirib ki, karantin rejimi ilə bağlı qərarlar mövcud vəziyyət nəzərə alınmaqla verilir: “Koronavirus infeksiyadır. İnfeksiyanın gedişində yoluxma arta da bilər, azala da bilər. Yoluxmaların sayının artması ilə yanaşı, bilirsiniz ki, sağalanların da sayı artmaqdadır. Dünən sağalan xəstələrin sayı 202 nəfər olub. Hələlik bizim sağalan xəstələrin sayı yoluxanların sayını üstələyir. Azərbaycanda koronavirusa yoluxan insanların 65%-ə yaxını sağalıb. Qeyd edim ki, ölkəmizdə koronavirusa yoluxmuş xəstələr arasında vəziyyəti ağır olan şəxslərin sayı da o qədər də çox deyil. Karantin rejimi ilə bağlı müvafiq addımlar atılmazdan öncə hazırki durum müqayisə olunur, təhlil olunur və qərar qəbul olunur”.

Qeyd edək ki, son  məlumatlara görə, Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb. Ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.