Azərbaycanın eks təhsil naziri 27 il əvvəlki SİRLƏRİ AÇDI - MÜSAHİBƏ

Azərbaycanın eks təhsil naziri 27 il əvvəlki SİRLƏRİ AÇDI - MÜSAHİBƏ

Sabiq Təhsil naziri, professor Firudin Cəlilovun eks-prezident Əbülfəz Elçibəy haqqında fikirləri, eləcə də test sisteminin tətbiqini öz təşəbbüsü kimi təqdim etməsi mübahisələrə səbəb olub. Sabiq baş nazir Pənah Hüseyn və Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Firudin Cəlilovun dünyasını dəyişən insanlar haqa danışmasının etikadan kənar olduğunu bildirib, onu həqiqətləri təhrif etməkdə günahlandırıblar.

Firudin Cəlilov teleqraf.com-a üsahibəsində Pənah Hüseyn və Oqtay Qasımovun iddia və arqumentlərinə cavab verib.

Axeber.az həmin müsahibəni təqdim edir:

- Firudin müəllim, test üsulunun ölkəmizə sizin tərəfinizdən gətirilməsini özündə ehtiva edən müsahibəniz qalmaqal yaradıb. AXC hakimiyyəti dövründə baş nazir vəzifəsini tutan Pənah Hüseyn bir sıra fikirlərinizə etiraz edib. Hazırda bununla bağlı sosial şəbəkədə ciddi müzakirə gedir. Prosesi izləyirsinizmi və sizə qarşı deyilənlərə münasibətiniz necədir?

- Bəli, Pənah Hüseyn Feysbukda fikirlərini yazıb. Guya mən haradasa rəhmətlik Vurğun Əyyubu aşağılamışam, onun haqqına girmişəm. Belə bir şey yoxdur və ola da bilməz. Mən, Vurğunu dəstəkləmişəm. Niyə? Bunun da səbəbi var. Testi mən gətirdim, ilk dönəmdə rəhmətlik Elçibəy narahat idi və razılıq vermirdi. Mən 2 min tələbəni testdən keçirib Türkiyəyə göndərdim. İlk test belə oldu. Sonra Elçibəy gördü ki, bu yaxşı metoddur və əhali arasında müsbət qarşılanır. Odur ki, buna razılıq verdi. Sonra Tələbə Qəbulu Komissiyası quruldu, Elçibəy də dedi ki, bura kimin təyin edilməsini təklif edirsiniz. Mən də Vurğun Əyyubun namizədliyini irəli sürdüm. Əvvəl buna etiraz etdi. Mən də bildirdim ki, Vurğundan savayı heç kimin ora qoyulmasını istəmirəm, çünki test üsulu elədir ki, ora sözündə düz, əli-ayağı təmiz adam lazımdır. Bir həftədən sonra yenə dedim ki, Vurğunun namizədliyinin üzərində dayanıram və təkid edirəm. Sonradan Elçibəy buna etiraz etmədi. Məsələ bu şəkildə oldu. Yəni açığını desəm, Vurğun Əyyubu zorla bu vəzifəyə qoydurdum. Pənah Hüseyn bu söhbətlərin içində olub, amma indi boynundan atır. Vurğun bəyi bu vəzifəyə təyin etdilər, amma ilkin dövrdə Vurğun bəyin özü qəbul etmədi, dedi istəmirəm. Vurğun bəy 10 gün işə gəlmədi, mənim otağım bir növ Tələbə Qəbulu Komissiyasına çevrilmişdi. Türkiyədən mütəxəssilər dəvət etmişdim, Kamran İmanovu prosesə cəlb etmişdim. Nəhayət, Vurğun Əyyubu razı saldıq. Ona yer təşkil etdik və işə başladı. Bu andan sonra mənim testlə bağlı fəaliyyətim olmayıb və hər zaman da demişəm ki, Vurğun Əyyub test üsulunun tətbiqini ləyaqət və şərəflə yerinə yetirib. Mənim Vurğun bəy haqqında dilimdən çıxan budur. Pənah Hüseyn və digərlərinin meydana çıxıb gündəmi dəyişmək istəyinə səbəb olan son müsahibəmdə də demişəm ki, testi mən gətirmişəm, Vurğun Əyyub da şərəflə həyata keçirib.

- Uzun illər Əbülfəz bəyin köməkçisi olan Oqtay Qasımov açıq bəyan edir ki, testin ideya müəllifi Əbülfəz Elçibəydir. Bu fikrə iradınız varmı?

- Onlar deyir, amma mən çox şeyi deyə bilmirəm. Çünki rəhmətə gedib. Sizə açıq deyim, mən ABŞ-da səfərdə idim, Bakıya qayıtdım ki, prezident seçkisi başa çatıb və Elçibəy prezident seçilib. Yəni inaqurasiya olmayıb. Getdim Prezident Aparatına, gördüm prezident Pənah Hüseynin otağındadır. Görüşdük, onu təbrik etdim. Həmin vaxt Pənah Hüseynin otağında İsa Qəmbər, Arif Hacılı, Vahid Əhmədov, Sülhəddin Əkbər və İxtiyar Şirin var idi. Dedim ki, Bəy qəbul imtahanlarını dayandırmışam, istəyirik test üslunu tətbiq edək. Amma bu mənim səlahiyyətimdən yuxarıdadır, imtahan sistemində dəyişikliklər üçün prezident qərar verməlidir. Əlavə etdim ki, bununla bağlı mövqeyinizi bilmək istəyirəm, çünki imtahanlar dayanıb, insanlarımız da narahatdır. Əbülfəz bəyin üzünün ifadəsi dəyişdi, bildirdi ki, bunu ona yox, baş nazirə məruzə edim. Otaqdakıların bəziləri mənim xasiyyətimi bilirdi. İsa Qəmbər Elçibəylə birgə yuxarı otağa getdi. Mən də onların arxasınca getdim və kabinetdə ona sözümü deyib çıxdım. Ondan sonra Prezident Aparatına 2-3 ay ayaq basmadım. Vəziyyət bu cür oldu.

- Oqtay Qasımov deyir ki, sizin “2 min nəfəri testdən keçirib Türkiyəyə göndərdim” fikriniz yanlışdır. Çünki o zaman ayrıca test imtahanı olmayıb, vahid test imtahanı keçirilib...

- Test imtahanın müxtəlif növ və formaları var. Mən də bunu özbaşına eləməmişdim. Türkiyədə mütəxəssislər dəvət etdik, testin suallarını hazırladılar. Bu uşaqlar da testlə imtahandan keçdilər. Bizim avadanlıqlarımız yox idi ki, cavabları oxusunlar. Ona görə məxsusi olaraq Türkiyədən mütəxəssislər dəvət etmişdik.

- Amma ayrıca test imtahanı keçirilməyib?

- Qardaşım, mən 2 min nəfəri test imtahanından sonra Türkiyəyə göndərdim. Respublika ali təhsil müəssisələrinə test imtahanını Vurğun bəy keçirdi. Hətta səhv etmirəmsə, respublika üzrə imtahanlar gecikdi və noyabr ayında baş tutdu. Yəni bunlar ayrı-ayrı məsələlərdir. Hələ bundan bir il əvvəl AXC xətti ilə 50 nəfər Türkiyəyə göndərilmişdi. Bu 50 nəfər seçilən tələbəyə Vurğun rəhbərlik etmişdi. O zaman Elçibəy mənə dedi ki, sən də bu işə köməklik elə. Mən AXC-nin üzvü deyildim. Amma gəlib proseslə maraqlandım, lakin işə qarışmadım.

AXC hakimiyyətə gəldikdən sonra isə həmin 50 tələbəni Türkiyədə oxutmağa boyun olan dərnək bundan imtina etdi, dedi, daha tələbələrin pullarını vermirəm, özünüz hakimiyyətə gəlmisiniz, tələbələrin maliyyə məsələsini özünüz həll edin. Sonra Prezident Elçibəy məndən xahiş etdi ki, bu problemi həll edim. Mən də dedim ki, ora Bakı deyil ki, zəng edib sözümü deyim. Türkiyədə qayda-qanun var, bu uşaqları ora kim aparıbsa, oxutmalıdır. Əgər dərnək bundan imtina edirsə, xərcini Azərbaycan hökuməti çəkməlidir. Prezident dedi ki, sən bunu edə bilərsən. Dedim zəng elə Türkiyə prezidentinə, bu haqda onunla danış. O da qayıtdı ki, elə bilirsən, zəng etməmişəm. Nəyisə buproblemi də mən həll elədim. Çünki o zaman Türkiyənin təhsil naziri ilə dost münasibətlərim var idi.

- Pənah Hüseyn və Oqtay Qasımov bildirirlər ki, test üsulunun Azərbaycana gətirilməsi 1992-ci ilin prezident seçkilərində Əbülfəz Elçibəyin seçki platformasında olub. Sizcə, bu ciddi arqument deyilmi?

- Onlar ilk dəfə test sözünü məndən eşidiblər. Əgər məndən əvvəl bunların sənəd və proqramlarında test sözü, ifadəsi olubsa, buyurub ortaya çıxarsınlar.