"Azərbaycanın ərazi bütövlüyünün birbaşa Rusiya prezidenti tərəfindən tanınması vacib məqamdır"

"Azərbaycanın ərazi bütövlüyünün birbaşa Rusiya prezidenti tərəfindən tanınması vacib məqamdır"

"Putinin Qarabağla bağlı fikri işğalçı Ermənistana ünvanlanmış konkret bir mesaj idi ki, üçtərəfli bəyanatdan sonra hər hansı revanş götürmək istəyindən əl çəksin”.

Bunu Axeber.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Rusiya Prezidenti Vladimir Putinin "Rossiya-1” telekanalına müsahibəsində Qarabağla bağlı fikirlərini şərh edərkən deyib. C.Osmanov bildirib ki, Rusiya Prezidenti bölgədə geosiyasi təsiri olan, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi öz neytrallığını qorumaqla bərabər ciddi mesaj verib.

"Putin müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məqamlara toxundu. Xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də Rusiya prezidentinin Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan əzəli torpaqları olduğunu və sərhədlərinin də beynəlxalq təşkilatlar tərəfindən tanındığını söyləməsi idi. Bu, çox vacib bir məqam idi. Çünki Putinin dünyanın nüfuzlu ölkələrdən birinin prezidenti kimi bu məsələyə toxunması təkcə Ermənistan tərəfinə yox, eyni zamanda bəzi ikili standartlardan çıxış edən həm beynəlxalq təşkilatlara, həm də qərəzli mövqedə olan digər dövlətlərə verilən bir mesaj idi. Bilirik ki, 30 ildir Azərbaycana qarşı işğalçılıq siyasəti yeridən Ermənistanın havadarları da az deyil”, - deyə o qeyd edib.

Deputatın fikrincə, Azərbaycanın ərazi bütövlüyünün birbaşa Rusiya prezidenti tərəfindən tanınması vacib bir məqamdır: “Bildiyimiz kimi, Putin həmin müsahibəsində bir məsələyə də toxundu ki, bu bəyanatı pozmağa cəhd edənlər özünə intihar yazısı yazmış olar. Bu bəyannaməni pozmağın alternativi yalnız müharibədir. Bu, ciddi bir mesaj idi. O ərazilərin beynəlxalq prinsiplərə uyğun olaraq Azərbaycanın ərazisi kimi birbaşa Rusiya prezidenti tərəfindən tanınması vacib bir məqam idi. Eyni zamanda gələcəkdə bu ərazilərdə sülhün və əmin-amanlığın bərqərar olunması ilə yanaşı,bölgənin inkişafına da böyük bir töhfədir”.