Azərbaycanla Özbəkistan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün potensial sahələr açıqlanıb

Azərbaycanla Özbəkistan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün potensial sahələr açıqlanıb

Azərbaycanın Özbəkistanla ticarət, investisiya, sənaye, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.

Axeber.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə bildirilib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və tədbirlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Laziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığı daha da gücləndirəcəyini bildirib, iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.