Bakı metropoliteninin fəaliyyəti bərpa edildi

Bakı metropoliteninin fəaliyyəti bərpa edildi

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı metropolitenində bu gün saat 06:00-dan sərnişindaşıma fəaliyyəti bərpa edilib.  

Axeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. 

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. 

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb. 

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunub.

Qeyd edilənlər əsas götürülərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

1. Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

2. Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

3. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.

4. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

5. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır!

Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.