Bakıda tanınmış hakim jurnalistin qardaşını necə öldürüb? – TƏFƏRRÜAT - VİDEO

Bakıda tanınmış hakim jurnalistin qardaşını necə öldürüb? – TƏFƏRRÜAT - VİDEO

Bakıda bacısının nişanlısını öldürməkdə ittiham edilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Kazus.az xəbər verir ki, 2018-ci il iyunun 28-i saat 1 radələrində Pərviz Həbibovun meyiti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, Qara Qarayev küçəsi, ev 8 ünvanında tapılıb.

İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.  

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində Pərviz Həbibovun ölümünə görə, onun nişanlısının qardaşı Ələkbər Ağakişiyev şübhəli şəxs qismində saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma maddəsi ilə ittiham elan edilib.

İttiham aktına əsasən, 2018-ci il iyunun 22-i saat 21 radələrində Ələkbər Ağakişiyev bacısının nişanlısı olan Pərviz Həbibovla telefonda mübahisə edib. Qeyd edilib ki, Pərviz Həbibov Ələkbər Ağakişiyevin mobil telefonuna ardıcıl olaraq dəfələrlə zəng edib, onun ailəsinin bacısı ilə evlənməsinə qarşı çıxmasını irad tutub. Cinayət materiallarına əsasən, Pərviz Həbibov Ələkbər Ağakişiyevə və onun ailəsinin ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edib. Telefonda mübahisə edən zaman Pərviz Həbibov onu təkidlə görüşə çağırıb. Həmin şəxslər görüşmək üçün elə həmin gün saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Allahyar Nəsibov küçəsinin qarşısına gəliblər. İlk olaraq hadisə yerinə Ələkbər Ağakişiyev gəlib. Pərviz Həbibov ona yaxınlaşan zaman gözlənilmədən cibindən bıçaq çıxarıb və bu zaman nişanlısının qardaşına hücum edib. Ələkbər Ağakişiyev isə həmin hücumundan aktiv şəkildə qorunaraq bıçağı əlindən almaq məqsədilə onun bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almağı bacarıb.

İttihama görə, bu zaman Pərviz Həbibov sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alıb. Hadisədən 6 gün sonra, yəni iyunun 28-i saat 1 radələrində Pərviz Həbibov yaşadığı mənzildə vəfat edib. Bununla da Ələkbər Ağakişiyev Pərviz Həbibovu ehtiyatsızlıqdan öldürüb. 

İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Ələkbər Ağakişiyev bacısının nişanlısı Pərviz Həbibovun 2018-ci il iyunun 22-i saat 21 radələrində onun mobil telefonuna etdiyi ardıcıl zənglər zamanı onun və ailəsinin ünvanına nalayiq sözlər işlətməsini özünə təhqir bilib. O, bacısının nişanlısından qisas alaraq döymək məqsədilə həmin gün saat 23 radələrində görüşən zaman idmançı kimi özünün fiziki cəhətdən üstünlüyündən istifadə edərək, əvvəl sərxoş olmaqla ayaqüstə çətinliklə duran Pərviz Həbibovun əlində saxladığı bıçağı sağ dirsəyi ilə üz nahiyəsindən vurub, idman fəndi işlətməklə əlindən alıb. Daha sonra Ələkbər Ağakişiyev həmin bıçaqla Pərviz Həbibova sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirib, yumruqla üz-baş nahiyələrinə ölümü ilə birbaşa səbəbli əlaqədə olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib. Bununla da o, Pərviz Həbibovun ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurub.

Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrlik etdiyi məhkəmə kollegiyasında araşdırılıb. Məhkəmədə ifadə verən Ələkbər Ağakişiyev özünü təqsirli bilmədiyini, günahsız olduğunu qeyd edib. Daha sonra zərərçəkmişin hüquqi varisi və şahidlər dindirilib.

Məhkəmə 17 aprel 2019-cu ildə hökmü elan edib. Məhkəmənin qənaətinə əsasən, Ələkbər Ağakişiyevin Pərviz Həbibova yetirdiyi çoxsaylı xəsarətlər nəticəsində bacısının nişanlısı ehtiyatsızlıqdan ölüb. Məhkəmənin hökmü ilə Ələkbər Ağakişiyev ittiham olunduğu CM 126.3-cü maddəsi 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə görə, Ələkbər Ağakişiyev cəzasını məntəqə tipli cəza cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmişin hüquqi varisinin nümayəndəsi isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiaya protesti və apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Daha sonra dövlət ittihamçısı Ramiz Alverdiyev kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, məhkum və onun müdafiəçisi kassasiya şikayətləri veriblər.

Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxs zərərçəkmişin baş nahiyəsinə yumruqla zərbələr vurub. Mərhum Pərviz Həbibov Ələkbər Ağakişiyevin yumruq zərbələri nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi və həmin nəticəyə Ələkbər Ağakişiyevin psixi münasibətinin ehtiyatsızlıqdan olması məhkəmə tərəfindən də qəbul edilsə də, birinci instansiya məhkəməsi təqsirin formasını, habelə hadisənin törədilmə mexanizmini səhv müəyyən edib, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü əsassız olaraq qüvvədə saxlayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi xahiş olunub.

Məhkum Ələkbər Ağakişiyev tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və onun əməlində cinayət tərkibi olmaması əsasına görə barəsində bəraət qərarınən çıxarılmasını xahiş edib.

Şikayət müəllifi qeyd edib ki, hadisənin baş vermə səbəbi zərərçəkmişin onu öldürmək istəməsi ilə bağlı olub. Məhkumun sözlərinə görə, işin halları ilə birmənalı sübut olunub ki, Pərviz Həbibov sərxoş vəziyyətdə, özü ilə bıçaq götürməklə görüşə gələrkən onu həyatına qəsd etmək niyyəti güdmüşdür. Sadəcə təsadüf nəticəsində Pərviz Həbibovun bıçaq zərbələri ona dəyməyib. Məhkum həmçinin hesab edir ki, Pərviz Həbibovun həyatını itirməsinin səbəbi öz səhhətinə laqeyd münasibətinin nəticəsi olub. Ələkbər Ağakişiyevin fikrincə, istintaq orqanının və məhkəmələrin onun təqsirliliyi ilə bağlı gəldiyi nəticələr yalnız mülahizələrdən və ehtimallardan ibarətdir. 

Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyik etdiyi məhkəmə iclasında kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilib. 

Belə ki, Ələkbər Ağakişiyevin barəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin elan etdiyi - 9 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunub, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilib.

Ali Məhkəmə kollegiyası hesab edib ki, aşağı instansiya məhkəmələri Ələkbər Ağakişiyevin zərərçəkmiş Pərviz Həbibova yetirdiyi çoxsaylı xəsarətlər ehtiyatsızlıqdan yetirməsi nəticəsinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməyiblər.

Ali Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edib ki, birinci instansiya məhkəməsi Ələkbər Ağakişiyevin Pərviz Həbibovun əlində olan bıçağı almaq məqsədilə ona yetirdiyi zərbələri ehtiyatsızlıqdan etməsi nəticəsinə gəlməklə səhvə yol verib, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq onunla razılaşıb. Ali Məhkəmənin qərarına görə, aşağı instansiya məhkəmələri nəzərə almayıblar ki, qanunvericilikdə bu hala aid xüsusi normalar müəyyən edilib.

Hazırda apellyasiya protesti və apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun icraatında araşdırılır.

Xatırladaq ki, mərhum Pərviz Həbibov keçmiş ANS telekanalının aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.