Baş infeksionistdən əhaliyə xəbərdarlıq

Baş infeksionistdən əhaliyə xəbərdarlıq

Məlum olduğu kimi, koronavirus infeksiyasının əsas simptomlarından biri də yüksək hərarətdir. Buna görə də Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan karantin rejimi çərçivəsində bir çox müəssisələrdə, iri supermarketlərdə və digər yerlərdə insanlar məhz temperaturları yoxlanıldıqdan sonra içəri buraxılırlar. Son günlər bu yoxlanışlar zamanı bir çoxları özündə heç bir narahatlıq hiss etməsə də, onlarda normadan yüksək temperatur aşkar edilir. Bu da insanların narahatlığına səbəb olur. Təxmini 36.7-37.3 dərəcə aralığında temperaturu olan əksər insanlar koronavirusa yoluxmasından şübhələnir və heç bir həkim nəzarəti olmadan ev şəraitində müalicə olunmağa çalışırlar. Onlar müxtəlif dərman preparatlarından istifadə edir, özlərinə sistem köçürürlər.

Məsələ ilə bağlı e-huquq.az-a danışan Azərbaycanın Baş infeksionisti Cəlal İsayev vətəndaşlara müraciət edərək onları belə məqamlarda diqqətli olmağa çağırıb. O bildirib ki, həkim nəzarəti olmadan insanların özlərinə diaqnoz qoyması və hər hansı dərman vasitələrindən istifadə etməsi onların sağlamlıqları üçün təhlükəlidir.

"Gərək insanlar o cür hərarətin olmasına görə özlərinə təyinat verməsinlər. Kimdə temperatur varsa, özünü yaxşı hiss etmirsə, mütləq həkimə müraciət etməli və həkim tərəfindən onlara diaqnoz qoyulmalıdır. Temperatur koronavirusun əlamətlərindən biridir. Ona görə də vətəndaşlarımız bu tip hər hansı narahatlıq hiss etdiyi halda özlərinə təyinat yazmamalıdır .Bu kimi hallar yalnız həkim tərəfindən araşdırılmalıdır. Eyni zamanda bəzi insanların həkim məsləhəti olmadan sistem köçürməsi də düzgün deyil", - deyə C.İsayev qeyd edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.