"Bəzi dairələr Ermənistanın məğlubiyyətindən sonra reallıqla barışa bilmədikləri üçün çirkin kampaniya aparırlar"

"Bəzi dairələr Ermənistanın məğlubiyyətindən sonra reallıqla barışa bilmədikləri üçün çirkin kampaniya aparırlar"

"İtaliya istər əvvəllər, istərsə də müharibə dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək dost ölkə olduğunu sübut edib".
 
 Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, cənab Prezidentin müsahibəsi Azərbaycanın gələcək inkişafı, bölgədəki proseslərin ətraflı şərhi baxımından olduqca əhəmiyyətlidir: "İtaliya-Azərbaycan əlaqələrindən danışan Prezident İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki bərpa quruculuq prosesində fəal iştirakına toxunaraq, bu şirkətlərin Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak etdiyini, eləcə də enerji təminatı və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətlərə cəlb olunduğunu bildirdi. Doğurdan da İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq işlərində iştirakına yaşıl işıq yandırdığı ilk şirkətlərdəndir. Bu, təsadüfi deyil. Çünki hələ Vətən savaşından dərhal sonra Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətlərin dəvət olunacağını demişdi. İtaliya isə istər əvvəllər, istərsə də müharibə dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək dost ölkə olduğunu sübut etdi. Digər tərəfdən İtaliyanın Qarabağda yenidənqurma işlərinə cəlb edilməsi ölkəyə investisiya axınını cəlb etməklə yanaşı, Avropanın mühüm bir ölkəsinin siyasi dəstəyinə nail olmağı da təmin edir. Ümumiyyətlə, azad edilmiş ərazilərə nəhəng sərmayə qoyuluşu 2021-ci il üçün təqribən 1.3 milyard ABŞ dolları təşkil edib. Bu, Qarabağda inkişaf etməkdə olan quruculuq işlərinin miqyasının göstəricisidir".
 
Politoloq qeyd edib ki, Prezidentin müsahibəsində digər vacib məqam ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu ilə bağlıdır: "Dövlət başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək və Azərbaycan həm kəşf etdiyi yeni yataqlar, həm də köhnə yataqlardan daha çox qaz çıxarmağı planlaşdırır ki, bu da ölkəmizin ümumilikdə Avropanın enrji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq. Məlumdur ki, Azərbaycan əsasən diqqətini Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib. Bu layihədə Azərbaycanın təşkilatçı kimi rolu çox böyükdür. Məhz buna görə ABŞ və Avropa İttifaqı Azərbaycana daha çox diqqət yetirməyə başlayıb və Azərbaycanı strateji müttəfiq hesab edirlər. “Şahdəniz-1” və “Şahdəniz-2” layihəsindən sonra Azərbaycanın Avropa bazarlarına 20 milyard kub metr qaz ötürmək imkanı olacaq. Elə bu səbəbdəndir ki, ABŞ açıq şəkildə layihəni sona qədər dəstəkləyəcəyini bəyan edib. Bu vaxta kimi layihəyə pessimist baxan Avropa ölkələri də indi mövqelərində dəyişiklik edirlər.

Müsahibədə həmçinin İran-Azərbaycan münasibətlərinə də toxunuldu və cənab Prezident növbəti dəfə Tehranın ittihamlarına cavab verdi. Prezident Azərbaycanın müstəqil ölkə olduğunu və öz siyasətini də müstəqil olaraq həyata keçirdiyini, bu baxımdan da heç bir ölkənin Azərbaycanın qərarlarına təsir edə bilməyəcəyini vurğulaması əslində İrana ünvanlanmış mesaj idi. Prezident açıq şəkildə İranın ittihamlarını bəhanə adlandıraraq bu yolun İranın özünü dalana aparıb çıxaracağını dedi. Prezidentin bu bəyanatı kifayət qədər tutarlı və arqumentləşdirilmiş bəyanatdır. Belə ki, Tehran rejimindən haqlı olaraq hörmət tələb edən Bakı bir çox beynəlxalq layihələrin iştirakçısı və təşəbbüsçüsüdür. Bakı ilə təhdid dilində danışan Tehran isə özünü daha da təcrid edir. Onsuz da sosial və iqtisadi problemləri olan İran üçün belə layihələrdə iştirak cəlbedici olmalı idi. Tehran isə tam fərqli siyasət yürütməklə ilk növbədə özünə problem yaratmış oldu". 
 
Yusif Bağırzadə deyib ki, müsahibədə diqqət çəkən digər bir məqam isə Azərbaycanın artan nüfuzunu və əldə etdiyi uğurları qəbul edə bilməyən ayrı-ayrı qüvvələrin təxribatları ilə bağlıdır: "Prezident bu cür qarayaxma kampaniyasının Ermənistanla sıx bağlılığı olan Qərbdəki müəyyən dairələr vasitəsilə həyata keçirildiyini və bunların Azərbaycan xalqı üçün heç bir mənası olmadığını vurğuladı. Doğurdan da Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyən ayrı-ayrı dairələr indi Ermənistanın məğlubiyyətindən sonra reallıqla barışa bilmədikləri üçün bu cür çirkin kampaniyalara başlayıblar. Onlar düşünürlər ki, cənab Prezident və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən məlumatları tirajlamaqla nəyəsə nail ola bilərlər. Amma bir şeyi dərk etmirlər ki, cənab İlham Əliyevin bütün fəaliyyəti həmişə şəffaf olub və bu cür iftiralarla ona qarayaxmaq mümkün deyil. Belə ki, Azərbaycanda hər kəs Prezidentin siyasi fəaliyyətə başlamazdan öncə uğurlu bir sahibkar olduğunu və sonrakı fəaliyyəti ilə əlaqədar olaraq biznesini öz ailəsinə ötürdüyünü yaxşı bilir. Onu da yaxşı biir ki, həmən biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir.

Təkcə cənab Prezidentin təşəbbüsü ilə yaradılmış və dövlət vəsaiti hesabına maliyyələşməyən fondun Ağdamda, Şuşada, Zəngilandakı bütün məscidlərin bərpasına sərmayə yatırdığını, 5 mindən çox qaçqın ailəsi üçün evlər tikildiyini qeyd etmək kifayət edir ki, aparılan qarayaxma kampaniyasının öz məqsədlərinə çatmayacağını deyə bilək. Hər hansı bu cür kampaniyalar Prezidenti öz hədəflərindən yayındara bilməz”.