“Bəzi insanların narazılığı dövlətdən deyil, ayrı-ayrı məmurlardandır” – Nəsib Məhəməliyev

“Bəzi insanların narazılığı dövlətdən deyil, ayrı-ayrı məmurlardandır” – Nəsib Məhəməliyev

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə seçkilərə namizədliyi 109 saylı Balakən seçki dairəsindən irəli sürülən Nəsib Məhəməliyevin e-huquq.az-a müsahibəsi 

-Bildiyiniz kimi, 2018-ci ilin aprel ayında keçirilən Prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən ölkədə islahatların aparılacağına dair anons verilmişdi. Hazırda aparılan islahatları necə qiymətləndirirsiniz? Hansı sahələrdə bundan sonra da islahatlar aparılmalıdır?

-Bəli, seçkilərdən sonra cənab Prezident geniş miqyaslı islahatların anonsunu verdi. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə etdi. Təkcə ali qanunvericilik orqanı olan Milli Məclislə bağlı islahatlar qalmışdı ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı verilən qərarla bu sahə də əhatə olundu. Daha öncə isə iqtisadi sahədə, məhkəmə, hüquq-mühafizə sistemində islahatlara başlanılmışdı. Eləcə də aqrar sektorun, sahibkarlığın inkişafı ilə bağlı, kadr və struktur islahatları aparılmışdı. Bildiyiniz kimi, Nazirlər Kabinetində köklü dəyişiklər aparıldı. Eyni zamanda digər yerli icra və mərkəzi icra strukturlarında islahatlar aparıldı və bütün bunlar Azərbaycan xalqı tərəfindən müsbət qarşılanır. 2019-cu ilin əvvəlindən başlanılan sosial islahatlar, cənab Prezident tərəfindən 2 sosial paketin qəbul olunması əhalinin böyük bir qismini - 4,2 milyon nəfəri əhatə etməklə onların sosial rifahına müsbət təsir göstərdi. Sosial islahatların davamı kimi pensiyaların, müavinətlərin, həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin  minimum əməkhaqlarının artırılması çox müsbət addım oldu. 

-Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. Lakin bir çoxları düşünür ki, bəzi deputatlar yenidən namizdəliklərini irəli sürdüklərinə görə parlamentin tərkibində o qədər də ciddi dəyişiklik olmayacaq. Siz bu barədə necə düşünürsünüz?

-Uzun illər parlamentdə fəaliyyət göstərmiş, qanunvericilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslərin yenidən namizədliyini irəli sürməsi təbiidir. Onlar yenidən namizədliklərini irəli sürməklə hansısa bir qanun pozuntusuna yol vermirlər. Eyni zamanda biz bir şeyi nəzərə almalıyıq ki, yekun söz seçicinindir. Hər bir insanın konstitusion hüququdur ki, seçkilərdə iştirak etsin. Seçmək xalqın əlindədir. Hesab edirəm ki, müxtəlif  icra orqanlarında çalışanları çıxmaq şərti ilə belə insanların qarşısında hansısa bir baryer qoymaq doğru deyil. Bu, bir faktdır ki, Milli Məclisdə 5 il və daha çox təcrübəsi olan şəxslər cəmiyyət tərəfindən tanınır. Ola bilər kimsə mənfi tərəfdən tanınsın, lakin reallıq budur ki, onlar populyardırlar. Amma mən deməzdim ki, ciddi dəyişiklik olmayacaq. Demək olar ki, 2 mindən çox insan müraciət etmiş və onlardan əksəriyyətinin namizdəliyi qeydə alınıb. Mən bu siyahıda xeyli sayda yeni simaya rast gəldim. Müşahidələrimə əsasən deyə bilərəm ki, xeyli sayda yeni sima parlamentdə təmsil olunacaq.

-Belə bir fikir də var ki, insanlar arasında seçkiyə inam o qədər də güclü deyil... 

- Pluralizm şəraitində istənilən fikir səslənə bilər. Bu, normaldır. Burda fikri yönləndirən 4-cü hakimiyyətin, yəni mətbuatın da kifayət qədər rolu var. Bütövlükdə isə ictimai fikri formalaşdıran qüvvələr də var. Ancaq mən deməzdim ki, seçkiyə inam yoxdur. Seçkiyə inam var və seçkiyə inamı xalq formalaşdırmalıdır. Sadəcə burada hər bir vətəndaş şüurlu şəkildə dərk etməlidir ki, bizim hər birimizin seçkidə iştirakı vacibdir. Digər tərəfdən mən bunu səmimi bir şəkildə etiraf etmək istəyirəm ki, bəzi insanlar bir çox məsələlərə şəxsi prizmadan yanaşırlar. Biz millət olaraq, öyrənməliyik ki, ilk növbədə qlobal məsələlər, ümumilli məsələlər əsas götürülməlidir, daha sonra şəxsi, məişət və digər məsələlər. Biz bilməliyik ki, korporativ maraqlara görə yox, konkret dövlətə, xalqa, təmsil olunduğun regiona kim daha çox xeyir verə bilər. Seçiciləri kim daha layiqincə təmsil edə bilər. Bu mövzuda insanın keçdiyi yol da hər şeyi deyir. Yəni, insanlar şüurlu şəkildə seçim etməlidirlər, kiminsə təhriki ilə yox. Bu məsələlər şəxsi maraqlar üzərində qurulmamalıdır.

-Bildiyiniz kimi, cənab Prezident vəzifəyə təyinat edəndə hər bir şəxsə xalqa xidmət etməli olduğu barədə tapşırıqlar verir və xəbərdarlıq edir. Lakin yenə də biz icra başçılarının qanun pozuntularına yol verdiyininin şahidi oluruq. Bu yaxınlarda Ağstafa rayonun icra başçısı və Yevlax rayonunun sabiq icra başçısı ilə bağlı cinayət işinin başlanılması bunu bir daha göstərdi. Sizcə bütün bunlar nədən qaynaqlanır? Keçmiş icra başçısı olaraq bu barədə fikirləriniz maraqlıdır...

-Bu kimi hallara səbəb ilk növbədə məmurların qeyri-peşəkarlığı və ifrat tamahıdır. Uzun illər icra başçısı kimi fəaliyyət göstərən biri olaraq mənim üçün də bu, çox ağrılıdır. Cənab Prezident regionlara yardım olaraq, sosial vəziyyəti aşağı olan insanların məşğulluq məsələlərini həll etmək üçün xüsusi bir proqram şəklində büdcədən vəsait ayırır. Həmin şəxslərin əmək haqqını mənimsəməsi istənilən məmur üçün bir ləkədir. Bunu məsələnin mənəvi tərəfi olaraq deyirəm. Cinayət Məcəlləsinə görə isə bu, ağır cinayətdir. Bu cinayət dövlət əmlakını mənimsəmə, vəzifəsindən sui-istifadə, rüşvət və sair kimi maddələrlə tövsif olunur. Bu, bir daha göstərdi ki, dövlət nəzarəti ilə bərabər ictimai nəzarət də burada çox ciddi şəkildə özünü göstərməlidir. Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin effektivliyi və insanların buna daha çox cəlb olunması ilə bağlı çağırışlar edir. İcra başçılarını, eyni zamanda mərkəzi icra orqanlarının rəhbərlərini təyin edəndə təkrar-təkrar xəbərdarlıq edir, mesaj verir. Bu mesaj təkcə o təyin olunan insanlar üçün yox, bütövlükdə cəmiyyət üçündür. Korrupsiyaya yol verən, vəzifəsindən sui-istifadə edən məmurların belə cinayətlərinin qarşısının alınması üçün konkret tapşırıqlar verir. Digər strukturlara da mesaj göndərir ki, artıq belə hallara cəhd edilməsin. Prezident İlham Əliyev cəmiyyətdə kifayət qədər humanist bir insan kimi qəbul olunur. Amma hər bir humanistliyin bir həddi var. Bu insanlar bu tipli tapşırıqlardan sonra da cinayətlərini davam etdirdilər və nəticəsi göz qabağındadır. Hesab edirəm ki, bir çox məmurlar öz fəaliyyətlərinə artıq çox kəskin şəkildə yenidən baxacaqlar. Bu tipli cinayətlərin yenidən törədilməsinə yol verməyəcəklər. Bu da cəmiyyətin saflaşmasına gətirib çıxaracaq. 

-Nəsib müəllim, məhkəmə-hüquq sahəsində aparılan islahatları necə dəyərləndirirsiniz? 

-Əvvala, ondan başlayaq ki, ötən il cənab Prezident "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Burada çox ciddi əsaslı hüquqi islahatlar nəzərdə tutuldu. Məhkəmələrdə audio, video yazılar, eyni zamanda sahibkarlığın fəaliyyətinə mane olan amillərin operativ şəkildə aradan qaldırılması ilə bağlı müddəalar öz əksini tapdı. Bundan sonra bu sahədə ixtisaslaşmış məhkəmələrin formalaşdırılması və onların artıq təkmilləşdirilməsi, kadr təyinatları ilə bağlı xüsusi sərəncam da verildi. Hesab edirəm ki, bu başlanğıc Azərbaycanda məhkəmə-hüquq sistemi üçün əsaslı dönüşə gətirib çıxaracaq. Azərbaycan ərazicə kiçik dövlətdir. İndiki informasiya-kommunikasiya texnologiyaları o səviyyədə  inkişaf edib ki, nəyi isə hardasa gizlətmək mümkün deyil. Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyətin formalaşması istiqamətində xeyli iş görülüb. Cəmiyyətdə tam şəkildə fikir plüralizmi bərqərar olub. Eyni zamanda Azərbaycan dünyaya açıq bir dövlətdir. Azərbaycan beynəlxalq hüququn subyetki olaraq çoxsaylı beynəlxalq təçkilatlara üzvdür. Bakı şəhərində bir çox beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin diplomatik korpusları, nümayəndəlikləri fəaliyyət göstərir. Doğrudur, əhali arasında məhkəmə sistemində olan nöqsanlarla, ayrı-ayrı hakimlərlə bağlı müəyyən narazılıqlar var. Bunlar ayrı-ayrı subyektiv qərarların çıxarılması, süründürməçilik, bürokratik əngəlliklərlə bağlı olur. Siz artıq biabırçı şəkildə həbs olunmuş Ağstafanın icra başçısı ilə bağlı sual verdiniz. Məhkəmələrdən söz düşmüşkən, mətbuatdan verilən yazılara görə onun bir oğlu Nərimanov rayon məhkəməsinin hakimidir. Bir müddət əvvəl Ramin Quliyev adlı həmin hakim heç bir məhkəmə istintaqı aparmadan 100% qanunsuz qətnamə çıxararaq, rəsmi dövlət sənədi olan vətəndaşı mülkiyyət hüququndan məhrum etmişdir. Görünür, qanunları kobudcasına tapdalamaq onlarda ailə tərbiyəsindən gəlir. Hüquqa zidd qanunlara və ədalətə söykənməyən qərarlar çıxaran bu tipli hakimlər məhkəmə sisteminə inamı sarsıdır. Bunu Azərbaycan xalqı bilir. Cənab Prezident də müxtəlif müşavirələrdə, öz çıxışlarında məhkəmələrlə bağlı münasibətini bildirib, öz siyasi iradəsini ortaya qoyub. Bu Fərmanın da verilməsi məhz xalqın mənafeyinə uyğun gələcəkdə şəffaf, müstəqil məhkmə sisteminin formalaşdırılmasına, inkişaf etdirilməsinə xidmət edir. Hesab edirəm ki, bu çox gözəl başlanğıcdır. İqtisadi, inzibati münasibətlərin araşdırılması ilə bağlı yeni yaradılan ixtisaslaşmış məhkəmələr də cəmiyyətdə kifayət qədər effektiv fəaliyyət göstərəcək. Xalqın məhkəmə sisteminə olan münasibəti tam dəyişəcək. Mən buna inanıram. 

-Bəzən sosial şəbəkələr üzərindən hakimiyyətə və o cümlədən Milli Məclisdə təmsil olunan deputatlara qarşı da təhqiredici fikirlər səsləndirilir. Sizin buna münbasibətiniz necədir? Bu cür ittihamları aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

-Bu sahədə Azərbaycan qanunvericiliyi ən mütərəqqi qanunvericiliklərdən biri hesab olunur. Yəni, beynəlxalq standartlara uyğundur. Dünya təcrübəsinə nəzər salsaq, belə hallara qarşı mübarizdə bəzi ölkələrdə internetin məhdudlaşdırılması, hətta tam ləğv edilməsi kimi üsullara əl atıldığını görərik. Bununla bağlı Cinayət Məcəlləsinə müvafiq maddələrin əlavə olunduğu dövlətlər də var. Ancaq mənə elə gəlir ki, sosial şəbəkələrin bu istiqamətdə istifadə olunması cəmiyyətin ayrı-ayrı sahələr üzrə kifayət qədər maariflənməməsinin nəticəsidir. Bilirsiniz, inzibati metodlar hər yerdə tam effekt vermir. Sosial şəbəkələr vasitəsilə söyüş söyən, təhqirlər edən insanlar görəndə ilk növbədə ağlıma ailə tərbiyəsi gəlir. Ailədə tərbiyəni o səviyyədə qurmalıyıq ki, övlad gözünü açandan sosial məsuliyyətin nə olduğunu bilsin. Öz həmyaşıdları ilə davranışı, ətraf mühitə münasibəti, nəyin yaxşı, nəyin pis olduğu ilə bağlı fikirlərin əsasını o tərbiyədə qoymalıyıq. İlk növbədə söyüş söyməyin, böhtanın, şərin, şantajın nə qədər böyük günah olduğunu öyrətməliyik. Mən bunu İslam əxlaqı baxımından deyirəm. Yəni, İslamda bu günahdır. Bunu övladlara başa salmalıyıq. Cinayət, kiminsə həyatına qəsd - bunlar çox böyük günah hesab olunur. Qanunlarla da bu əməllər cəzalandırılır. Digər tərəfdən baxıram ki, o insanların narazılğı dövlətdən deyil, ayrı-ayrı məmurlardandır. Prezident İlham Əliyev çox gözəl bir fikir söyləyib: “Mən imkan verməyəcəm ki,  hansısa məmurun yaramaz fəaliyyəti dövlətin əlehinə çevrilsin”. Bilirsiniz, bəzi insanlar bir məmurun qanunsuzluğu ilə rastlaşanda dövlətin əlehinə danışmağa başlayır. Və ya evdə, ailədə, ictimai həyatda uğursuz olanda başlayır dövlətin əlehinə danışmağa. Bu baxımdan, hesab edirəm ki, daha çox maarifləndirmək işi ilə belə halların qarşısını almaq olar. Hər bir məsələyə düzgün yanaşmaq lazımdır. Konkret olaraq söyüş söyən insanlarla izahat işləri aparılmalıdır. Nəticə olmazsa, Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq cinayət işi qaldırılaraq mühakimə olunmalıdırlar. 

-Təəssüflər olsun ki, Azərbaycanda qadınlara qarşı zorakılıq halları da aktual olan məsələlərdəndir. Son günlərdə Nərmin Quliyevanın qətli ilə bağlı məsələ də gündəmdədir. Sizcə, bu kimi halların qarşını almaq üçün hansı tədbirlər görülməlidir? Bir çoxları belə ağır cinayət törədən şəxslərə görə ölüm hökmünün təqbiq olunmasını təklif edir. Bu problemlərlə bağlı sizin fikriniz necədir?

-Azərbaycanda ölüm hökmünün bərpa olunması inteqrasiya etmək istədiyimiz Avropa dəyərlərinə ziddir. Avropa Şurasının üzvü olan ölkə kimi öhdəliklərimizdən biri də ölüm hökmünün ləğv olunması ilə bağlıdır.  Məncə, burada maariflənmə məsələsi xüsusi rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə maarifləndirmə siyasətini düzgün formalaşdırmalıdır. Müşahidələrimə görə, Azərbaycan cəmiyyəti üçün ən aktual məsələlərdən biri erkən nikahların bağlanılması, qızların təhsildən yayındırılması kimi hallardır. Mən çox böyük məmnuniyyətlə təklif edərdim ki, övladlarını təhsildən yayındıran valideynlər təkcə inzibati yox, hətta cinayət məsuliyyətinə də cəlb olunsunlar. Ölümlə nəticələnən bıçaqlanma cinayətlərinə görə cəzaların sərtləşdirilməsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxışım zamanı da bildirmişdim. Hesab edirəm ki,  pedofiliyaya qarşı cəzalar da sərtləşdirilməlidir. Tovuz rayonunda baş vermiş ağır cinayət hadisəsinə gəlincə isə, düşünürəm ki, orada rayon ictimaiyyətinin, o kənd əhalisinin də məsuliyəti var. Ola bilsin, kimsə bu fikri normal qarşılamasın. Amma orada kənd ziyalılarından, kənd rəhbərlərindən tutmuş dövlət idarəetnə sistemini tənzimləyən hər bir insanın məsuliyyət dərəcəsi var. Azyaşlı qızın itkin düşdüyü təxminən 2 ay ərzində insanlar təşkilatlanmalı, ətraf ərazilər ev-ev axtarılmalı idi. Mən bunu beynəlxalq praktikaya əsasən deyirəm. Hətta qardaş Türkiyədə və ya digər bir sıra ölkələrdə belə hallar olanda cəmiyyət toplanır, insanlar ətraf əraziləri addım-addım axtarırlar. Belə hadisələrin mətbuat, televiziya kanalları vasitəsi ilə şouya çevrilməsini də qəbul etmirəm. İlk növbədə o kəndin insanları, kəndin rəhbərliyi mümkün olan bütün əraziləri araşdırmalı idi. Sonra qonşu kəndlərə, digər yerlərə baxılmalı idi. Məktəb rəhbərliyi də səfərbər olmalı, uşağı axtarmalı idilər. Mütəxəssislər, söhbət təkcə hüquq-mühafizə orqanlarından getmir, sosioloqlar, psixoloqlar hər yaşayış məntəqəsində bu tipli narahat insanları müəyyənləşdirməlidirlər. Bu hadisə çox ağrılı hadisədir. Bununla bağlı ciddi təhlillər aparılmalıdır. Hər bir yaşayış məntəqəsində cinayətə meylli insanlar müəyyənləşdirilməli, daim nəzarət altında olmalıdırlar. 92-93-cü illərdə Azərbaycanda mərkəzi hakimiyyət ümumiyyətlə republika üzərində nəzarəti tam itirmişdi. Yerli nümayəndələr öz funksiyalarını icra etmirdi. Elə bir vəziyyət yaranmışdı ki, hər kənddə silahlı dəstələr peyda olmuşdu. Qardaş qardaşın sözünü eşitmirdi. Heç bi təhsili, savadı olmayan kriminal elementlər öz hegemonluğunu göstərmək istəyirdi. Hər dövlət, hər bir cəmiyyət üçün ən böyük təhlükə odur ki, o cəmiyyətdə ziyalının, ağsaqqalın sözü keçmir. Kriminal ünsürlər diqtə edirlər.

-Siz Azərbaycanda keçiriləcək parlament seçkilərində növbəti dəfə namizədliyinizi irəli sürmüsünüz. Naziməd olduğunuz rayonda hansı problemlər mövcuddur və siz parlament üzvü kimi hansı məsələləri qaldıracaqsınız? 

-Müəyyən problemlər var ki, icra orqanları bununla məşğuldurlar. Həll olunmalı məsələlər əsasən elektrik enerjisinin stabil olaraq verilməsinin təmin olunması və içməli su problemi ilə bağlıdır. Elektrik xətləri yenilənməli, içməli su, kanalizasiya sistemi yenidən qurulmalıdır. Məndə olan məlumata görə bu məsələ artıq plana salınıbdır. Eyni zamanda turizmin inkişafı ilə bağlı da müvafiq tədbirlər görülməlidir. Həmçinin, əhalinin məşğulluq səviyyəsinin daha da artması üçün əlçatan bank resurslarını təmin etmək lazımdır. Yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bank faizləri ilə bağlı bu fikirləri səsləndirdi. Hesab edirəm ki, bu istiqamətdə iş aparılmalıdır. Milli Məclisin plenar iclasındada həm kredit, həm də depozit faizlərinin proporsional şəkildə aşağı salınması ilə bağlı təkliflə çıxış etmişəm. Seçki ilə bağlı təbliğata gəlincə isə, daha çox cənab Prezidentin apardığı siyasəti təbliğ edəcəyəm. İnsanları maraqlandıran həm beynəlxalq, həm daxili siyasətlə bağlı bir çox sualları cavablandıracağam. Təbliğat kompaniyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlərim olacaq. Əgər seçilərəmsə onların qaldırdıqları məsələlərə uyğun olaraq, növbəti parlamentdə fəaliyyətimi quracağam.