"Bu faktlar Moskva görüşünün Azərbaycanın diqtəsi altında baş tutduğunu deməyə əsas verir"

"Bu faktlar Moskva görüşünün Azərbaycanın diqtəsi altında baş tutduğunu deməyə əsas verir"

“Yanvarın 11-də Moskvada baş tutan görüş 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi”.

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə 11 yanvarda Moskvada Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşünü şərh edərkən deyib.

O bildirib ki, görüşdə əldə olunan razılaşmaya əsasən, martın 1-dək Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazir müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi Qrup hər iki ölkə ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini təqdim edəcəklər: "Bu onu göstərir ki, 11 yanvarda Moskvada Azərbaycan və Ermənistan liderlərinin Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşünün əsas nəticəsi yaxın zamanda Dağlıq Qarabağın inkişafı ilə bağlı planı təqdim etməli olan birgə işçi qrupun yaradılması oldu. Bu görüş 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi".

Politoloq qeyd edib ki, Ermənistan tərəfinin postmüharibə dövründə müxtəlif istiqamətli təxribatlarını nəzərə alsaq, Moskva görüşündə Nikol Paşinyan bir çox suallara cavab verməli idi: "Elə bu səbəbdən də Ermənistan baş nazirinin üzünü bürümüş həyəcan, çıxış zamanı səsindəki titrəmələr açıq-aydın hiss olunurdu. Onun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın paytaxtına qalib ölkənin Ali Baş Komandanı kimi səfər etmişdi və istər üçtərəfli görüşdə, istərsə də mətbuat konfransında özünə əminliyini ifadə edərək münaqişənin artıq arxada qaldığını bəyan etdi".

Yusif Bağırzadənin sözlərinə görə, görüşdə müzakirə olunan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən əsas məsələ Naxçıvan dəhlizi və kommunikasiyaların bərpası ilə bağlı idi: "Maddədəki “Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisində həyata keçirilən beynəlxalq daşımaların” ifadəsi söhbətin məhz Naxçıvan dəhlizindən getdiyini təsdiqləyir. Belə ki, Laçın dəhlizindən beynəlxalq daşımaların keçməcəyi və bu dəhlizin yalnız humanitar əlaqələr üçün  nəzərdə tutulduğu məlumdur. Buna görə də kommunikasiyaların bərpası və o cümlədən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizin açılışı ilə bağlı işçi qrupun yaradılması xüsusi əhəmiyyə kəsb edir. Prezidentin də qeyd etdiyi kimi kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmləndirə bilər.

Kommunikasiyaların bərpası bütün regionun mənafelərinə cavab verir və bu da özü-özlüyündə regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranmasına, yeni nəqliyyat kommunikasiyalarının reallaşdırılmasına gətirib çıxaracaq".

Politoloq onu da vurğulayıb ki, Naxçıvan dəhlizinin açılması ilə Ermənistan üçün həyati əhəmiyyət daşıyan kommunikasiya əlaqələri Azərbaycan üzərindən keçəcək ki, bu da Ermənistanın bizdən asılılığına gətirib çıxaracaq: "Görüşdə digər xüsusi əhəmiyyət kəsb edən əsas məsələlərdən biri də Dağlqı Qarabağın statusu, əsirlərin geri qaytarılması və bir sıra digər məsələlərin müzakirə olunacağı ilə bağlı gözləntilər idi. Paşinyan hələ  görüşdən qabaq Azərbaycan DTX və xüsusitəyinatlılarının Xocavəndin Tuğ kəndində canlı ələ keçirdiyi 62 erməninin buraxılmasını tələb edir və Naxçıvan dəhlizinin açılması üçün bunu şərt kimi irəli sürürdü. Azərbaycan isə həmin şəxslərin əsir yox, terrorist olduqlarını və 10 noyabr  Bəyanatından sonra bölgəyə gəldiklərini, deməli, Bəyanatda nəzərdə tutulan maddələrin onlara şamil edilə bilməyəcəyini vurğulayırdı. Göründüyü kimi, görüşdə Paşinyanın bu şərtinə məhəl qoyulmayıb, yalnız dəhlizlərin açılması məsələsinə qərar verilib. Görüşdə Dağlıq Qarabağın statusu məsələsinin müzakirə predmeti olmaması da Moskva görüşünün tamamilə Azərbaycanın diqtəsi altında baş tutduğunu deməyə əsas verir. Heç şübhəsiz ki, dünən imzalanan Bəyanat birmənalı olaraq, Azərbaycanın lehinə olan bəyanatdır və Ermənistanın irəli sürdüyü təkliflərin heç birinin qəbul edilmədiyi həqiqətini ortaya çıxarır.  Sadalananları erməni mətbuatı da məhz elə bu prizmadan şərh edir. Ermənistan KİV-də üçtərəfli görüşün nəticələri uğursuz adlandırılıb. Düşmən tərəfi daha çox məyus edən Dağlıq Qarabağın statusunun görüşdə müzakirə edilməməsi olub. Erməni mətbuatı görüşün Azərbaycan prezidentinin qələbəsi ilə yekunlaşdığını yazıb.  “İşıqlı Ermənistan” Partiyasının sədri, deputat Edmon Marukyan isə Moskvada imzalanan yeni razılaşmanın yalnız Azərbaycanın maraqlarına uyğun olduğunu və müzakirələrin yenə də rəsmi Bakının gündəliyi çərçivəsində aparıldığını qeyd edib”.