Bu mağazalarda ƏDV-ni geri almaq olur

Bu mağazalarda ƏDV-ni geri almaq olur

Xəbər verdiyimiz kimi, artıq müştərilər üçün Əlavə Dəyər Vergisini ( ƏDV) geri almaq mərhələsi başlayıb. “Qafqazinfo” xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmindədir. Buna görə də insanlar arasında ƏDV-ni geri almaq kampaniyasına maraq çoxalıb. Əsasən də gündəlik həyatda supermarketlərdən alış-veriş edən müştərilər kassalardan fiscal İD-li aparatlarının olub-olmaması ilə maraqlanırlar. Qanunvericiliyin tələbinə əsasən də, birinci mərhələdə şəbəkə tipli marketlərin hamısı bu sistemə qoşulmalıdır. Belə ki, supermarketdə  ən az bir kassada yeni nəsil kassa aparatı olmalıdır.  

Ölkədə fəaliyyət göstərən şəbəkə marketlərin hansında kassaların olub olmamasına keçməzdən əvvəl, yeni nəsil kassa aparatları üçün nəzərdə tutulmuş mərhələləri xatırlamaq yerinə düşər. Bildirək ki, bunun üçün 4 mərhələ nəzərdə tutulub.

I mərhələ 01.07.2019-cu il  tarixədək olan dövrü əhatə edir. Bu mərhələdə şəbəkə marketlərdən əlavə,  iri ticarət mərkəzləri (Malllar), yanacaqdoldurma məntəqələri prosesə qoşulmalıdır. 

II mərhələ ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicilərini, şadlıq evlərini əhatə edir.  Onlar da 2019-cu ilun iyulun 7-sinə kimi , mebel satışı üzrə ixtisaslaşmış müəssisələr isə 2019- cu ilin oktyabrın 10- na kimi  onlayn kassa aparatlarıyla təmin edilməli idi. 

III mərhələdə ƏDV ödəyicilərinin pərəkandə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərini əhatə edir. Bu da  yanvarın 1-i 2020-ci ilədək olan dövrü əhatə edir. 
IV mərhələ 2022- ci ilə qədər olan dövrdür ki, burada da digər pərakəndə ticarət və ya ictimai  iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri nəzərdə tutulur. 

Qeyd edək ki, Vergilər Nazirliyinin ötən ilin iyul ayında yaydığı məlumatda bildirilib ki, "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

“Qafqazinfo” bu məqamda bir neçə şəbəkə marketin PR menecerləri ilə əlaqə saxlayıb. 

“Bazarstore” marketlər şəbəkəsinin PR və Marketinq bölmə müdiri Mahir Həsənov bildirib ki, fiskal İD-li yeni kassa aparatları marketlər şəbəkəsinin  paytaxt da daxil olmaqla, rayon filiallarında da mövcuddur: “ Ümumiyyətlə, biz bu prosesə ilk qoşulan marketlərdənik. Marketlərimizin demək olar ki, bütün kassalarında bu aparatlar var”.

“Oba” marketlər şəbəkəsinin  Marketinq departamenti və ictimaiyyətlə əlaqələr şöbəsinin şöbə müdiri İlkin  Bağırov bildirib ki, marketlər şəbəkəsinin Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla, respublika üzrə bütün böyük şəhərlərində yerləşən mağazalarında yeni növ kassa aparatları quraşdırılıb. 

Araz supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova da vurğulayıb ki, ölkə üzrə “Araz” supermarketlər şəbəkəsinə daxil olan bütün marketlərdə (həmçinin Spar) yeni nəsil kassa aparatları quraşdırılıb: “Bütün  kassalarımız vergi sistemi ilə inteqrasiyalıdır. ƏDV-ni geri almaq üçün kassalarımızdan çıxan çeklər keçərlidir”.

Eyni zamanda müştərilərin daha çox üz tutduğu elektronika mağazalarında vəziyyətin necə olması ilə maraqlandıq. 

“Baku Electronics” şirkəti sorğumuza cavab olaraq bildirib ki, bütün mağazalarda yeni nəsil kassa aparatları var. Müştəriyə nağd ödənişdə 10%, kartla ödənişdə isə 15% ƏDV qaytarılır.

“İrşad Electronics” mağazalar şəbəkəsinin PR meneceri Şəbnəm Hümbətova “Qafqazinfo”ya bildirib ki, şirkətin paytaxt da daxil olmaqla, regionlarda yerləşən bütün filialları fiscal İD-li yeni kassa aparatlarıyla təmin edilib: “Müştərilər verilən çeklərlə ƏDV-lərini rahatlıqla geri ala bilərlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.