"Bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz elə o gündən başlayır"

"Bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz elə o gündən başlayır"

“Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”.

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı ilə əlaqədar danışarkən deyib. 

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması özü-özlüyünda tarixi bir hadisə idi: “Partiya yarananda Azərbaycan hər bir sahədə dərin böhran içində idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi, bir tərəfdən erməni təcavüzü davam edirdi. Təbii ki, belə çətin bir dövrdə ortaya yeni real qüvvənin çıxması zəruri idi. Başqa sözlə desək, Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması zərurətdən və ehtiyacdan irəli gəldi. Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. Naxçıvanda keçirilən təsis Konfransı ilə siyasi səhnəyə qədəm qoyan YAP bununla da Azərbaycanın siyasi tarixində yeni səhifənin açılmasına nail oldu”

Politoloq deyib ki, bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz elə o gündən başlayır: “Prezident İlham Əliyevin YAP-ın 30 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışında dediyi kimi, Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və təbii ki, müxalifət partiyası olaraq dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edirdi. YAP bu məsuliyyəti üzərinə götürməkdən çəkinmədi və yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. Nəticə etibarilə Heydər Əliyevin təcrübəsi və peşəkarlığı sayəsində ölkəmizi üzləşdiyi bəlalardan xilas edə bildi. Odur ki, bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü məhz elə o gündən başlayır. Sonrakı dövrdə, yəni 2003-cü ildə xalqımız bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Son 19 ilin hadisələri göstərir ki, xalq öz seçimində yanılmadı. Heydər Əliyevin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi və bu məsələ də Ali Baş Komandan İlham Əlievin rəhbərliyi altında  44 günlük İkinci Qarabağ müharibəsi ilə öz həllini tapdı. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin sonuncu vəsiyyəti də yerinə yetirildi”.

Y.Bağırzadə qeyd edib ki, dövlət başçısı öz çıxışında həyata keçirilmiş islahatlara, iqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə və digər məsələlərə toxunaraq bu islahatların yaxın gələcəkdə bizə əlavə imkanlar yaradacağını da bildirdi: “Təbii ki, hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında bu məqamı hər zaman xüsusi olaraq önə çəkilir. Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməsin. Prezidentin çıxışında qeyd etdiyi bir məsələnin də üzərində dayanmaq istəyirəm. Bu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı olan məsələdir. Prezidenti qeyd etdi ki, bu gün KTMT-də bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın üzvləri bu təxribata getmədilər. Doğurdan da Azərbaycan KTMT üzvü olmasa da bu qurumda təmsil olunan bütün digər dövlətlərlə kifayət qədər yaxşı münasibətlərə malikdir. Və Prezidentin bu məsələyə öz çıxışında yer ayırması KTMT-nin İrəvanda keçirilcək toplantısından əvvəl Paşinyana verilmiş mesaj kimi də qəbul oluna bilər. Başqa sözlə desək, Prezident Paşinyanı başa salmağa çalışdı ki, KTMT-yə arxayın olub Azərbaycanla münasibətləri gərginləşdirmək yolundan əl çəksin”.