Daxili işlər naziri Vilayət Eyvazov narahatlıq yaradan cinayət hadisəsindən danışdı

Daxili işlər naziri Vilayət Eyvazov narahatlıq yaradan cinayət hadisəsindən danışdı

İyulun 23-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axeber bildirir ki, görüşdə nazir Vilayət Eyvazov DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonaqlara məlumat verilib.

Nazir qeyd edib ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada yaşayaraq çalışan iş adamları, turistlər də yararlanırlar.

Problemlərə toxunarkən Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.