"Hansısa araq məclisində “tost” deyib, qeybət edən kişilər indi sosial şəbəkəyə yığışıblar" - Deputat

"Hansısa araq məclisində “tost” deyib, qeybət edən kişilər indi sosial şəbəkəyə yığışıblar" - Deputat

"Bizim “dəyər” dediklərimizin böyük əksəriyyəti zorakılığı təqdim edən “dəyərlərdir”. Bizim din anlayışımız, yaşadığımız din İslam deyil, zorakılıq dinidir. Bütün elementlər insan üzərində təzyiq elementləridir. Siz normal bir dindarla hansısa tənqidi və xoşuna gəlməyən mövzunu axıradək müzakirə etmək imkanına sahibsinizmi?! Axırda ancaq ölüm təhdidi, inkarçılıq və küfr elan etmək olur. Demək istəyirəm ki, bizdə bu, kökləri bir az dərində olan məsələdir. Ailə sütunu da əxlaqi dəyərlər üzərində qurulan sütun deyil.  Çox vaxt məcburi elementlər önə çəkilir, yaxud valideynin iradəsi olur. İkincisi isə ən başlıca səbəb Azərbaycan qadının təhsil səviyyəsinin aşağı olmasıdır".

Bu barədə Axeber.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son zamanlar geniş yayılan qadın zorakılığı hallarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qadın zorakılığnda sosial problemlərin rolu çox böyük deyil: "Hər cəmiyyətdə sosial problemlər olur. Ola bilsin ki, evdə iki çörək əvəzinə bir çörək olsun, amma onu xoş duyğularla yemək olar. Elə ev də ola bilər ki, bir ton çörək ehtiyatı olsa da, onu qan-qaraçılıqla yesinlər. Bu, birinci növbədə səviyyə və dünya görüşü məsələsidir. Dünya görüşü də təhsillə bağlıdır. Təhsil səviyyəsi aşağıdır, təhsil əlçatan deyil".

F. Mustafa hesab edir ki, ailə münasibətləri və zorakılıq ilk növbədə təhsil problemi ilə bağlıdır. 

 "Əksər qadınlar diplomlu olur, amma savadlı ola bilmir, çünki cəmiyyətin məhdudiyyətləri var. Ailənin birinci dayağı qadındır. Qadın savadlı və düşüncəli olanda övladının normal böyüməsinə və ərin də ailədə funksiyasını doğru anlamasına kömək edə bilir. Bu olmayanda, kobud ərin davranışını bir az nizama salacaq mexanizm olmur, onun qarşısında ondan cahil biri dirənir və ailə sütünü dağılmağa başlayır. Buna görə də bir çox yerlərdə sözgüdən zorakılığın əsas səbəbi odur ki, kimsə kopromisə getmir. Dünya görüşü məhdud olan insanlar kompromisə getmirlər. Cəmiyyətə  kompromis düşüncəsini təlqin etmək lazımdır ki, hər kəs öz dediyində mütləq şəkildə haqlı ola bilməsin. Ona görə də bu haqlılıq və doğruluq anlayışını ailədə də dayatmaq olmaz. Qadınların təhsil alması üçün bütün qapılar açılmalıdır. Sabahkı ana modelini təlqin etməliyik.  Sosial şəbəkələrin roluna gəlincə - Sosial şəbəkələr ondan ağıllı istifadə edənlər üçün nemətdir. Əvvəllər su başında suyu gözləyərəkən qeybət edən qadınlar indi sosial şəbəkəyə gəliblər. Hansısa araq məclisində “tost” deyib qeybət edən kişilər sosial şəbəkəyə yığışıblar. Yəni onlar orada etdikləri qeybəti burada edirlər. Onlar bura əlavə ağıl elementləri daşımırlar. Sosial şəbəkələrdə ünsiyyət imkanları çevikləşir, insanlar daha çox fikirlərini və düşüncələrini paylaşa bilirlər, bu da insanların müəyyən dərəcədə faydalanmasına xidmət edir, insanların bir-birilə daha çox  dərlərini və sevinclərini bölüşməyə fürsət yaradır. Dinin məqsədi humanist insan yetişdirməkdir, ancaq bu “din” niyə bizdə vəhşi və cahil insan yetişdirir? Əgər insan yaxşı və humanist olan mühitdən faydalanmaq istəmirsə, o vəhşiləşəcək, humanistləşməyəcək. Ailə zorakılığı da bu kontekstdən götürlməlidir. Biz elə etməliyik ki, ailə dəyərləri bir az fərqli anlaşılsın. Orada təkcə qadını öldürmürlər, ailədə elə mühit var ki, uşaq ölür. Uşağın bu ailədə yetişmək imkanı yoxdur. Azərbaycan cəmiyyətində zorakılıq təkcə öldürülən qadından deyil, doğum evlərindən başlayır. Cahil valideynlər, bəzən qayınata və qayınana doğulan qız uşağını qətlə yetirirlər, aborta məcbur edirlər. Cahillik , vəhşilik  birinci buradan başlayır. Əslində zorakılıq Azərbaycan cəmiyyətinin təqdir etdiyi haldır. Bunu ortadan qaldırmalıyıq. Qız uşağını necə öldürə bilərsən? Buna böyük əxlaqsızlıq və şərəfsizlik kimi baxılmalıdır. Qız uşağını öldürən hər adam cəmiyyətdə qınanmalıdır. Belə çıxır ki, sən öz ananı, həyat yoldaşını öldürürsən. Doğulan qız kiminsə anası və həyat yoldaşı olacaq. Bu vəhşiliyin haradan qaynaqlandığını tapmasaq, onu düzəltməsək davam edən tendensiya kimi qalacaq" - deyə, deputat vurğulayıb.