Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: Onlara haram olsun!

Deputat “Leş Tofiq”, “Bala Tofiq”, “Beluqa Tahir” barədə: Onlara haram olsun!

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev əhaliyə yararsız ət satan “Bala Tofiq” ləqəbli Tofiq Qurbanovun, həmçinin, saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” və onun mütəşəkkil dəstəsinin ifşasına münasibət bildirib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə hüquq-mühafizə orqanları əhalinin sağlamlığının qorunması ilə bağlı effektiv tədbirlər həyata keçirir.

E.Quliyev söyləyib ki, heç kim insanların həyatı ilə oynaya bilməz. Deputat bildirib ki, bəzi əliəyri, axmaq adamlar saxta mallar, leş ətlər satmaqla əhalini zəhərləyirlər.

“Onlara haram olsun! Polis də, Qida Təhlükəsizliyi Agentliyi də belələrinə qarşı effektiv tədbirlər həyata keçirir. Bu işdə vətəndaşlar da kömək etməlidir. Kimsə belə şeylərdən xəbərdardırsa, dərhal məlumat verməlidir”.

Qeyd edək ki, AQTA hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini, “Bala Tofiq” ləqəbli Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib.

Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Bundan başqa,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və AQTA mütəxəssisləri gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq, satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçiriblər.

Satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.

Məlumatda bildirilib ki, “Beluqa Tahir” ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan “Beluqa”, “Stoliçnaya”, “Nemiroff”, “Russkiy Standard” araqlarının, “Jack Daniels”, “Chivas” viskilərinin, “Omega”, “Patron” tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edib.

Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərova məxsus Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərova məxsus Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən anbarlara, Əliağa Əhmədova məxsus Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də, Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içk, mənşəyi məlum olmayan bir tona yaxın spirt aşkarlanıb.

100 min ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar götürülüb.

Dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.

Mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib.

Həmin şadlıq evləri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən, bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Qeyd edək ki, ötən ay “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun mütəşəkkil dəstəsi tutulmuşdu.