DİM ötən il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını açıqladı

DİM ötən il tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

DİM-dən Axeber.az-a verilən xəbərə görə, "Abituriyent" jurnalının 3-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

Nəzərinizə çatdırırıq ki, ötən illərdə formalaşmış keçid balları ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı ötən illərdə formalaşmış keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdə saxlamalıdırlar.

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2022-ci il avqustun 8-dən 17-dək internet vasitəsilə aparılacaq.