Dünya çempionatının loqosu təqdim olundu - FOTO

Dünya çempionatının loqosu təqdim olundu - FOTO

Sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək futzal üzrə dünya çempionatının embleminin təqdimat mərasimi olub.

Axeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdəki MO muzeyində keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının Prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FIFA-nın turnirlər üzrə rəhbəri Jayme Yarzanın salamlama nitqindən əvvəl işıq şousu altında yeni emblem təqdim olunub. 

Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Xatırladaq ki, Azərbaycan millisinin də dünya çempionatında ardıcıl ikinci dəfə çıxış etmək şansı var. Komandamız ötən ilin sonlarında Bakıda vəsiqə qazandığı elit-raundun C qrupu çərçivəsində yanvarın 28-dən fevralın 2-dək Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq. Görüşlər Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. 

Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq dörd komanda pley-offda üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək.