DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Axeber.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qolla hesabı açıb.

İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.

Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.

****

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci qol vurulub.

Axeber.az-ın məlumatına görə, meydan sahibləri 87-ci dəqiqədə hesabı bərabərləşdirib.

İrlandiya seçməsinin heyətində Şeyn Daffi tarazlığı bərpa edib - 1:1

***

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

Axeber.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi 1:0 hesabı ilə öndədir.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb.

***

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.

Axeber.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.

***

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

Axeber.az-ın məlumatına görə, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.