"Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşlər siyasi partiyalar arasında daha səmərəli dialoqun aparılmasına imkan yaradır"

"Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşlər siyasi partiyalar arasında daha səmərəli dialoqun aparılmasına imkan yaradır"

“Parlamentdə çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsi, siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşdırılması və bu mühitin Azərbaycan dövlətinin daha da güclənməsi və inkişafı naminə ortaq şəkildə fəaliyyəti ilə bağlı atılan addımlar əlbəttə ki, bilavasitə Azərbaycan Prezidentinin təşəbbüsü və iradəsi sayəsində mümkün olmuşdur. Bu istiqamətdə atılan müsbət addımlardan biri də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasıdır. Bu, ölkə başçısının bütün sahələri əhatə edən önəmli addımlarından biri kimi qiymətləndirilməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Ramil Həsən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan partiya təmsilçilərinin ötən gün baş tutan görüşünü şərh edərkən deyib. Videokonfrans formatında keçirilən görüşü yüksək qiymətləndirən millət vəkili bunun siyasi partiyalar arasında dialoqun inkişafına böyük töhfə verəcəyini bildirib:

“Bilirsiniz ki, bu günədək bir neçə dəfə Ədalət Vəliyevin dəvəti ilə siyasi partiyaların, konstruktiv müxalifətdə fəaliyyət göstərən, Azərbaycan dövlətinin daha da güclənməsini istəyən müxalifət partiyalarının rəhbərləri ilə görüşü baş tutub. Bu görüşlərin hər biri qeyd-şərtsiz keçirilib. Təəssüf ki, “5-ci kolon” və özünü müxalifət adlandıran, Azərbaycan dövlətinə, Azərbaycan millətinə qarşı müxalifətçilik edən, öz şəxsi maraq və ambisiyalarını, havadarlarının maraq və ambisiyaları dövlətin maraqlarından üstün tutan insanlar bu prosesə, Azərbaycan dövlətinin dostluq əli uzatmasına, birlikdə fəaliyyət göstərmək çağırışına neqativ reaksiya verərək müxtəlif şərtlər və bəhanələr irəli sürərək bu görüşlərdən boyun qaçırdırdılar. Lakin dünən baş tutan görüş pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, dialoqun davam etdiyini və çətin dövrlərdə də Azərbaycan xalqının müxalifətdən və iqtidardan asılı olmayaraq, birlikdə və bərabər fəaliyyət göstərmək arzu və niyyətinin ortaq ifadəsi oldu. Eyni zamanda bu, Azərbaycan Prezidentinin siyasi fəaliyyət və baxışından asılı olmayaraq, dövlətin inkişafına, birlik və bərabərliyinə xidmət göstərmək arzusunda olan bütün strukturlara, partiyalara rəğbətlə yanaşdığının bariz nümunəsi kimi də göstərilə bilər”.

Son zamanlarda qanunverici orqanda aparılan islahatlara da toxunan R.Həsənin fikrincə görülən işlər qarşılıqlı dialoq və əməkdaşlığın inkişafına geniş imkanlar açır.

“Milli Məclisin sədri Sahibə Qafarovanın da bildirdiyi kimi, parlamentin rəhbər orqanlarının tam dəyişməsi, ilk dəfə müxalifət nümayəndələrinin Milli Məclis sədrinin müavini vəzifəsinə seçilməsi, eyni zamanda müxalifət nümayəndələrinin həm sədr, həm də müavin kimi parlament komitələrinə başçılıq etməsi də Azərbaycanda yeni sistemin konfiqurasiyasına yol açmaqla bərabər, parlamentdə gedən proseslərə müsbət təsir göstərir və qarşılıqlı dialoq, qarşılıqlı əməkdaşlığa geniş imkanlar açır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin iştirakı ilə keçirilən görüşlərdə əsas məqsəd, Ədalət müəllimin də vurğuladığı kimi, sağlam əməkdaşlığına, parlamentlə daha nizamlı əlaqələrin qurulmasına dəstək vermək, siyasi partiyalarla dialoqu genişləndirmək, onları yaxından tanımaq, yeni siyasi mədəniyyətin formalaşdırılmasına təkan verməkdir”, - deyə millət vəkili qeyd edib.

Azərbaycanda parlamentin geniş səlahiyyətlərinin olduğunu bildirən R.Həsən Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşlərin siyasi partiyalar arasında daha səmərəli dialoqun aparılmasına imkan yaratdığını söyləyib və bundan sonra da bu partiyaların dövlətin inkişafı naminə birgə fəaliyyət göstərəcəklərinə ümid etdiyini vurğulayıb: “Qanunvericilik bazasının təkmilləşdirilməsi, modernləşdirilməsi və islahatlara yüksək səviyyədə dəstək verə bilməsi üçün qanunvericilik sahəsində də lazımi islahatlar aparılmalı idi. Bu baxımdan Azərbaycanda parlamentin yenilənməsi və Prezidentin təşəbbüsü ilə yaradılan şöbə, Ədalət Vəliyevin başçılığı ilə bu şöbənin dialoqun davam etdirilməsində körpü rolunu oynaması əlbəttə ki, hər birimizi sevindirir. İnanırıq ki, siyasi partiyalarla görüş yeni siyasi mədəniyyətin formalaşmasına, milli maraqlar naminə ölkənin siyasi mühtində sağlam əməkdaşlığın inkişafına daha da təkan verəcək. Ümidvaram ki, siyasi partiyalar bu istiqamətdə bundan sonra da konstruktiv mövqe tutacaqlar və ölkənin milli maraqlarına düşmənçilik mövqeyi sərgiləyən radikal ünsürlərdən, “5-ci kolon”un tör-töküntülərindən fərqli olaraq, Azərbaycanın sağlam müxalifəti dövlətin maraqları üçün birgə fəaliyyət göstərəcəklər”.