Elman Nəsirov: “Komandamız meydana bəlkə qapıçısız çıxmışdı” - MÜSAHİBƏ

Elman Nəsirov: “Komandamız meydana bəlkə qapıçısız çıxmışdı” - MÜSAHİBƏ

Milli Məclisinin deputatı Elman Nəsirovun apasport.az saytına müsahibəsi

- Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində dünən İspaniya yığmasına 0:13 hesabı ilə məğlub olub. Hesab sizin üçün gözlənilməz olmadı?
- Azarkeşlər çox gözəl bilirlər ki, dünyanın ən güclü komandaları İspaniyadadır. Bu ölkənin futbolu Avropada əzəməti ilə seçilir. Hətta Azərbaycanda İspaniya futboluna azarkeşlik edən kifayət qədər adam var. Bu bir həqiqətdir. Buna görə də, təkcə Azərbaycanın yox, digər ölkələrin komandaları da ispanlara qarşı görüşdə böyük məsuliyyət hiss edir, hətta onlarda öncədən qorxaqlıq da yaranır. Qadınlardan ibarət milli komandamızın böyük hesabla məğlub olması bizi çox təəssüfləndirir. Hətta belə fikir yaranır ki, komandamız bəlkə meydana qapıçısız çıxmışdı? Ancaq bunun müsbət tərəfi də var. Bundan sonra hansı mövqelərdə bizdə ciddi boşluqlar olduğunu düşünmək lazımdır. Biz necə etməliyik ki, belə biabırçı məğlubiyyətlərdən uzaq olaq? İstənilən halda bu prosesin dəqiq analizi, boşluqların tapılması, çıxış yolları barədə sualların cavabını tapanda növbəti görüşlərdə qələbə qazanmaq üçün münbit şərait yaranacaq. Ancaq buna görə hakimi və ya rəqibi ittiham etsən, bu, gələcəkdə bizi belə məğlubiyyətlərdən xilas etməyəcək. Birinci günahı özündə görməlisən ki, nəyi düz etməmişəm, hazırlıq niyə aşağı səviyyədədir. Bəlkə legionerlər çoxdur, bəlkə oyunçular məsələsinə biganə yanaşılıb? Bu sahənin mütəxəssisi olmasam da, bir azarkeş kimi məndə belə suallar yaranır.

- Yığmanın baş məşqçisi saytımıza müsahibəsində futbol ictimaiyyətindən üzr istəsə də, istefa vermək barədə düşünmədiyini söyləyib...
- Üzr istəmək çıxış yolu deyil. Baş məşqçi məğlubiyyətin konkret səbəblərini futbol ictimaiyyətinə deməlidir. Eyni zamanda məşqçi olaraq öz günahının nədə olduğunu bildirməlidir. Oyunçular zəif oynadı və s. kimi səbəblər bilinir. Bəs məşqçi kimi sənin günahın nədədir, nəyi düz etməmisən? Nə qədər ki bu sualların cavabını tapmamısan, növbəti dəfə də məğlub olacaqsan.

- Mentalitet baxımından çox adam qızını futbola buraxmır. Amma kişilərdən ibarət yığmamız da məğlubiyyətləri sıralayır. Bəs onlar nə etməlidirlər ki, Azərbaycan millisi deyəndə azarkeşlər də fəxr hissi keçirsinlər?
- Bizdə bütövlükdə komanda oyununda hər zaman problem olub. Tək-tək sadalasaq, yaxşı oyunçularımız olub. “Neftçi”nin çox populyar zamanları da var idi. Fərdi idman növlərində çox güclüyük. Futbolda adda-budda nailiyyətimiz var. Böyük və ardıcıl uğurlardan danışmaq çətindir. Bəzən xaricdən məşqçilər gətiririk, əcnəbiləri milliləşdiririk. Amma yenə də xeyri olmur. Belə çıxır ki, burada tarixi ənənənin olmaması öz rolunu oynayır.

- Razılaşaq ki, yerli mütəxəssislər futbolçularımızı daha yaxşı tanıyırlar. Bəlkə elə əcnəbi məşqçilərə üstünlük verildiyi üçün belə nəticələr olur?
- Bəli, razıyam. Hesab edirəm ki, bu bir eksperimentdir. Bununla bizim vəziyyətimiz yaxşılığa doğru dəyişsəydi, hansısa nailiyyət qeydə alınsaydı, o zaman bu ənənəni davam etdirməyə dəyərdi. Əgər hansısa addım nəticə vermirsə, taktikanı dəyişmək lazımdır. Dünən ispan, bu gün italyan, sabah braziliyalı gətirmək heç nəyi dəyişməz. Çox güclü müəllimin ola bilər və səni həvəslə öyrətməyə çalışdıra bilər. Əgər sənin öyrənməyə həvəsin yoxdursa, müəllimdən ayrıldıqdan sonra üzərində işləmirsənsə, yenə nəticə olmayacaq. Görünür, məşqçi güclü olsa belə nizam-intizamla bağlı problemlər var. Eyni zamanda subyektiv amillər var. Görünür, futbolçuların dəvət edilməsində hətta əcnəbi məşqçilərə də yol tapırlar. Bu kimi məsələlərdə son dərəcə məsuliyyətli olmaq lazımdır. Əgər bir yanaşmada uğur əldə edilmirsə, illərlə həmin yolla getmək lazım deyil. Yeni yanaşmalar ortaya qoymaq lazımdır. Belə vəziyyətdə nəticələr mütləq olacaq. Əsas da hesab edirəm ki, uşaq futbolunun inkişafına xüsusi diqqət ayırmaq lazımdır.

- Uşaq futbolundan söz düşmüşkən, demək olar ki, əsas diqqət paytaxt komandalarına yönəlir. Bölgələrdə uşaq futboluna lazımi qayğı yoxdur. Bu, Premyer Liqadakı klubların Bakıya cəmləşməsindən irəli gəlir. Buna münasibətiniz necədir?
- Düzdür. Deməli, Azərbaycan futboluna sistemli yanaşmaq lazımdır. Yalnız kompleks şəkildə yanaşma, bütün regionlarda eyni dərəcədə diqqət inkişafa təkan verə bilər. Elə etmək lazımdır ki, müxtəlif bölgələrdə istedadlı gənclər üzə çıxsın və onlar milli komandaya qədər yüksələ bilsinlər. Bu baş verməyəndə adicə digərindən azacıq fərqlənən oyunçu yığmaya çağırılır. Bu yolla qələbə qazanmaq olmaz. Gərək parlayan ulduzlar yetişsin. Məsələn, Tovuzda oynayan futbolçu o qədər fərqlənsin ki, onun bir ildən sonra millidə oynayıb, onu gücləndirəcəyini desinlər. O artıq milliyə namizəd sayılar və hamı parlayan ulduz gözündə görər. Amma indi zəiflərin içindən nisbətən yaxşını seçmək məcburiyyətindədirlər. Bu da müsbət nəticəyə gətirib çıxarmır. Ona görə hesab edirəm ki, bu gün uşaq futbolunun inkişafı prioritet istiqamət olmalıdır. Bütün bölgələrdə futbolun inkişafına şərait yaradılmalı, onun maddi-texniki bazası formalaşdırılmalıdır. Bilirsiniz, indi Braziliya deyəndə hamının ağlına futbol gəlir. Bu artıq inkişafın göstəricisidir. Elə etmək lazımdır ki, futbol deyiləndə həm də Azərbaycan yada düşsün.