"Erməni faşizmi ifşa olunmalıdır"- Gəncənin sabiq deputatı

"Erməni faşizmi ifşa olunmalıdır"- Gəncənin sabiq deputatı

"Ermənistan terror dövlətidir və biz bütün vasitələrdən istifadə edərək Ermənistan rəhbərliyinin ifşa olunmasına nail olmalıyıq".

Bunu e-huquq.az-a açıqlamasında Gəncənin sabiq deputatı, politoloq Yusif Bağırzadə Ermənistan tərəfindən Gəncənin raket zərbələrinə məruz qalmasının ildönümü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, terror aktına hələ də beynəlxalq hüquqi qiymət verilməyib: "Düz bir il əvvəl bütün cəbhə boyu məğlubiyyətə uğrayan düşmən növbəti dəfə də öz xislətini ortaya qoyaraq dinc əhalini hədəf aldı. Uşaq, qadın, yaşlı demədən gecə saatlarında cəbhə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərində mülki əhalinin hədəf alınmasının isə bir adı var, bu da terrordur. Fürsətdən istifadə edərək həlak olan vətəndaşlarımıza bir daha Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması, cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərindəki hücum cəhdləri, Suqovşan ərazisində üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və ən nəhayət Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərinin raket atəşinə məruz qalması Ermənistanın terror dövləti olmasını bariz şəkildə ortaya qoyur".

Y. Bağırzadə qeyd edib ki, bu terror aksiyasına görə birbaşa məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi, Paşinyan və o zaman Ermənistan müdafiə naziri olmuş Tonoyan daşıyır: "Hər zaman olduğu kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymayaraq əslində erməni faşizminin mundar simasının növbəti dəfə ortaya qoymuş oldu. Belə ki, mülki əhalinin hücuma məruz qalması 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Hansı ki, Ermənistan da bu konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə, Ermənistan münaqişə zamanı heç bir halda mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyini qəbul edib. Konvensiyanın tələbinə əsasən, müharibələr zamanı mülki obyektləri və əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur. Mülki əhali və obyektləri hədəf almaq beynəlxalq humanitar hüquqa, yəni, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə qadağandır. Düzdür, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə bu caniləri lazımınca cəzalandırdı. Amma əfsuslar olsun ki, dünya birliyi Azərbaycan əhalisinə qarşı olan bu terrora hələ də ikili standartlarla yanaşır. Dünyanın ayrı-ayrı aparıcı təşkilatları, ATƏT, Avropa Birliyi, BMT kimi qurumlar o zaman susduqları kimi, terror aktından bir il keçməsinə baxmayaraq hələ də susur".

Sabiq deputat hesab edir ki, Ermənistan dünya birliyi tərəfindən mütləq cəzalandırılmalıdır: "Çünki Ermənistan terror həyata keçirib, terrorla mübarizə isə təkcə Azərbaycan Ordusunun deyil, bütün mütərəqqi dünyanın vəzifəsi olmalıdır. Bu cəzanı isə ilk növbədə 28 ildir Qətnamələri icra olunmayan BMT-nin Təhlükəsizlik Şurası verməlidir. Buna nail olmaq üçün bütün vasitələrdən istifadə edərək erməni terroru ifşa olunmalı və terrora beynəlxalq hüquqi qiymət verilməsinə nail olunmalıdır. Bu isə təkcə ayrı-ayrı dövlət institutlarının vəzifəsi deyil. Bu məsələdə həm insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-in, həm siyasi partiyaların, həm də beynəlxalq mediaya çıxış imkanları olan jurnalistlərimizin dəstəyinə ehtiyac var. Ayrı-ayrı insan hüquqları təşkilatlarına, dövlətlərin parlamentlərinə, beynəlxalq təşkilatlara erməni terroruna qiymət verilməsi ilə bağlı müraciətlər ünvanlanmalı və erməni faşizmi ifşa olunmalıdır".