"Ermənilər marafonlarda toplanan pulların mənimsənilməsinə görə hesabat tələb edəcək" - POLİTOLOQ

"Ermənilər marafonlarda toplanan pulların mənimsənilməsinə görə hesabat tələb edəcək" - POLİTOLOQ

"Prezidentin ermənilər tərəfindən keçirilən marafonlarda toplanan pulun mənimsənilməsini faktlarla sübut etməsi ianə verənlərin hesabat tələb etməsinə yol açacaq".
 
Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərəkən deyib.

O bildirib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərimizə səfərləri təkcə verilən bəyanatlar baxımından deyil, həm də aparılan bərpa-quruculuq işlərinə nəzarət baxımından da olduqca mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, Prezident işğaldan azad olunmuş bütün ərazilərimizdə görülən işlərə şəxsən nəzarət edir və elə məhz bunun nəticəsidir ki, müharibənin başa çatmasından keçən qısa bir dövr ərzində bu qədər geniş masştablı işlər həyata keçrilib: "​Prezidentin son Xocavənd səfəri və səfər zamanı rayon ictimaiyyəti ilə görüşdə səsləndirdiyi bəyanatlar, eləcə də Hadrut əməliyyatı ilə bağlı verdiyi məlumat müharibənin gedişi ilə bağlı indiyə qədər bilmədiyimiz bir çox mətləblərə işıq saldı. Prezidentin də qeyd etdiyi kimi, həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən Hadrut əməliyyatının çox böyük əhəmiyyəti var idi. Məhz bu əməliyyatın uğurla başa çatmasının nəticəsində Azərbaycan Ordusu öz hədəfinə nail oldu. Çünki Hadrutun yerləşdiyi ərazi bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu işğaldan azad etmək hərbi nöqteyi-nəzərdən çox çətin idi.
 
​Hadrutun azad olunması ilə bağlı əməliyyatın uğurla başa çatması onu sübut edir ki, əməliyyat planları hər incə detalına qədər kifayət qədər yüksək peşəkarlıqla düşünülmüşdü. Hadrut əməliyyatının uğurunu şərtləndirən digər bir məqam isə gözlənilməzlik effekti ilə bağlı olub. Prezidentin də dediyi kimi, düşmən Azərbaycan Ordusunun Füzuli istiqamətində hücumunu gözləyirdi və Hadrut istiqamətində hərəkət edəcəyini bilmirdi. Elə bu səbədən də Füzuli istiqamətində düşmən güclü istehkamlar qurmuşdu. Hadrutun azad olunması isə Füzuliyə tam fərqli istiqamətdən hücum etmək imkanı verdi. Nəticədə çoxlu sayda insan itkisi ilə üzləşmədən də yayına bildik". 

Politoloq qeyd edib ki, istər Hadrut, istər Şuşa, istərsə də digər torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirilən əməliyyatlar onu sübut edir ki, müharibəyə sistemli hazırlıq olmasaydı, bu cür möhtəşəm qələbənin qazanılması çətin olardı: "Həm proses özü uzana bilərdi, həm də itkilərimizin sayı olduqca çox olardı. Məhz  Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti sayəsində müharibəyə kompleks hazırlıq işləri aparıldı. Azərbaycanın iqtisadi, hərbi, siyasi gücünün artırılması istiqamətində davamlı, ardıcıl tədbirlər görüldü. Ordu quruculuğu sahəsində peşəkar hərbi kadrların hazırlanmasına, müasir silah komplekslərinin alınmasına, beynəlxalq müstəvidə ölkənin siyasi nüfuzunun gücləndirilməsinə xüsusi önəm verildi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bununla əlaqədar digər işlərin paralel şəkildə həyata keçirilməsi öz töhvəsini verdi. Bu illər ərzində ölkədə milli və vətənpərvərlik ruhunun gücləndirilməsi ilə bağlı da çox böyük işlər görüldü. Nəticədə ölkədə görünməmiş böyük həmrəylik yarandı və bütün xalq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi". 
 
​Onun sözlərinə görə, Prezident çıxışında digər vacib bir məsələyə də toxundu ki, bu da ermənilər tərəfindən mütəmadi olaraq pul yığılması üçün keçirilən marafonlar, ayrı-ayrı tədbirlərlə bağlı idi.

 "Prezident həmin pulların mənimsənilməsini faktlarla ortaya qoydu. İşğal olunmuş ərazilərdə 30 il müddətində hər hansı bir iş görülməməsi, yeni binalar, evlər tikilməməsi, infrastruktur yaradılmaması onu sübut edir ki, bu müddət ərzində yığılan pulların yalnız bir təyinatı olub - Ermənistan və separatçı rejim rəhbərliyinin cibini doldurmaq. ​Prezidentin bu səpkili açıqlamaları həm də dünya ermənilərinin gözünü açmağa xidmət edir. Tam əminliklə söyləmək olar ki, erməni lobbisi əvvəlki illərdə olduğu kimi, təmtəraqlı marafonlar keçirə bilməyəcək. Çünki bu marafonlarda pul yığılması mümkün olmayacaq. Artıq hər kəs dərk edir ki, marafonlarda yığılan vəsait Ermənistanda hakimiyyətdə olan qüvvələr tərəfindən mənimsənilib. Yığılan pullar ölkənin inkişafına sərf olunmayıb. Belə olan halda xaricdəki erməni əsilli şəxslər ianələrin toplanılmasına maraq göstərməyəcək. Bundan əlavə marafonlarda yığılan pulların hara və necə xərclənməsi ilə bağlı da hesabatlar tələb olunmağa başlayacaq.
 
Prezident çıxışında həmçinin Hadrutun inkişafı ilə bağlı perspektiv planlar barədə də məlumat verdi. Yaxın 1 ay ərzində Hadrutun baş planının təsdiq olunacağını deyən Prezident Hadrutun beynəlxalq mədəniyyət və turizm mərkəzi olacağını bildirdi. Doğurdan da Hadrut çox füsunkar bir yerdir və turizm potensialı, resursları zəngindir. Təbii ki, Hadrutun baş planı hazırlanan zaman turizm infrastrukturunun yaradılması da burada əsas məsələlərdən biri olacaq. Bu bölgədə mədəni, etnoqrafik, ekoloji turizmin inkişaf etdirilməsinə çox böyük imkan var. Eləcə də Azıx mağarası, Tağlar mağarası və  digər aqroturizm imkanlarından istifadə etmək üçün çox geniş imkanlar mövcuddur. Hadrutun turizm imkanlarını şərtləndirən digər bir məqam isə Füzuli Beynəlxalq Hava Limanı ilə bağlıdır. Hava limanının istifadəyə verilməsi turistlərin cəmi 20-25 dəqiqəyə Hadruta gəlməsini təmin edəcək", - deyə Yusif Bağışrzadə vurğulayıb.