"Ermənilər ora girib, hamını öldürüblər"

"Ermənilər ora girib, hamını öldürüblər"

"Neftçi"nin müdafiəçisi Kirilo Petrov ukraynalı jurnalist Roman Bebekə geniş müsahibə verib.

Axeber.az qol.az-a istinadən xəbər verir ki, telemüsahibə Bakının mərkəzində - İçərişəhər, Dənizkənarı Milli Park, həmçinin "Neftçi" klubunun bazasında aparılıb. Müsahibədə Petrova Azərbaycanla bağlı fərqli suallar ünvanlanıb. Bu zaman Petrov Xocalı soyqırımına da toxunub.

Petrov bildirib: "Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını - uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burada rus hesab etmirlər. "Kirilo" çağırırlar.

Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar".