"Ermənistan hakimiyyəti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün təxribata əl atır" - Politoloq

"Ermənistan hakimiyyəti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün təxribata əl atır" - Politoloq

"Azərbaycan - Ermənistan sərhədində baş verən son olaylar bir daha İrəvanın Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etmək niyyətində olmadığını ortaya qoydu".

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistan hərbi birləşmələrinin növbəti dəfə təxribat törədərək Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən mövqelərini ələ keçirmək məqsədi ilə hücumu haqqında danışarkən deyib. 

O bildirib ki, Azərbaycan kifayət qədər güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir:

“Biz dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Düşmən baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışsa da, burada ciddi yanlışlıqlara yol verib. Onlar iddia edir ki, guya Azərbaycan ordusu  UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmağa çalışıb. Halbuki, Azərbaycan ordusu hücuma, Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi kimi, UAZ markalı avtomobildə keçməz. Azərbaycan kifayət qədər güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir. Bu halda Ordumuzun hücuma bir UAZ-la keçdiyini elan etmək axmaqlıqdan başqa bir şey deyil. Baş verənlər birbaşa erməni təxribatıdır və bu təxribatı törətməkdə də məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirtmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub".

Y.Bağırzadə qeyd edib ki, bu təxribat Paşinyanın səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb:

"Erməni rəsmiləri kifayət qədər yaxşı başa düşürdülər ki, onların bu addımları cavabsız qalmayacaq və cavabsız da qalmadı.  Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistanın istənilən döyüşdə məğlub olacaqlarını bilə-bilə hücuma keçməkləri isə birbaşa Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı bir nəticə verəcəyi isə inandırıcı deyil”.