"Ermənistanda siyasi böhran daha da dərinləşəcək" - Politoloq

"Ermənistanda siyasi böhran daha da dərinləşəcək" - Politoloq

“Ordumuzun düşmən üzərindəki qələbəsi Ermənistanda dərin böhran yaradıb”.

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Ermənsitandakı mövcud böhran və istefalar haqqında danışarkən deyib.

Onun sözlərinə görə, əslində Azərbaycan Ordusunun qələbəsindən sonra Ermənistanın  siyasi böhran yaşayacağı proqnozlaşdırılan idi: "Paşinyan və hökuməti tərəfindən aldadılmış erməni ictimaiyyətinin bütün baş verənlərlə bağlı baş nazirdən hesabat tələb etməsi təbiidir. Ölmüş erməni əsgərlərinin ailə üzvlərinin etirazları, övladları və yaxınları itkin düşmüş insanların etirazı, eləcə də vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq məskunlaşdırılmış minlərlə şəxsin hökumətlə haqq-hesab çəkmək istəməsi və üstəgəl Paşinyanı devirməyə fürsət axtaran ayrı-ayrı siyasətçilərin istefa tələbləri fonunda hakim komandada baş verən çatlar siyasi böhranın hər gün daha da dərinləşməsinə gətirib çıxardı. Xatırlayırsınızsa, hələ hərbi əməliyyatların getdiyi dönəmdə oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan  və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifələrindən uzalaşdırılmışdılar. Artıq o zaman məlum idi ki, bu qurbanların davamı olacaq və Paşinyan məğlubiyyətdə özündən başqa hər kəsi günahlandıraraq, kreslosunu qoruyub saxlamağa səy göstərəcək. Bunu təbii ki, hakimiyyətdə təmsil olunan ayrı-ayrı nazirlər də kifayət qədər yaxşı başa düşürdülər. Elə ona görə də məlum bəyanatın imzalanmasından dərhal sonra hakimiyyət komandasında bir-birinin ardınca istefalar gəlməyə başladı. Ermənistan xarici işlər naziri Mnatsakanyan, müdafiə naziri Tonoyan, İqtisadiyyat naziri Xaçatryan, Ermənistanın dövlət xidmətlərini tənzimləmə komissiyasının sədri Mesropyan, Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Karen Mirzoyan və Ətraf Mühit Nazirliyinin nazirinin müavini İrina Kaplanyan və həmin nazirliyin mətbuat katibi David Qriqoryan, eləcə də fövqaladə hallar və əmək və sosial məsələlər nazirləri bir-birinin ardınca istefa verdilər".

Politoloq qeyd edib ki, Azərbaycanın həm döyüş meydanında, həm də danışıqlar masasında öz istəyinə nail olması Ermənistanda olduqca dərin siyasi böhran yaradıb: "Bu gün Ermənistanda sözün əsl mənasında bir xaos hökm sürür. Ölkənin 17 siyasi partiyası birgə bəyanat yayaraq, hökumətin və baş nazir Nikol Paşinyanın istefasını tələb edir, Ermənistan prezidenti Armen Sarkisyan etirazçı kütlənin qorxusundan Qarabağla bağlı son razılaşmadan xəbərsiz olduğunu, yalnız mətbuatdan xəbər tutduğunu deyir, bütün ermənilərin katolikosu II Qaregin isə Ermənistan rəhbərlərindən Qarabağla bağlı qəbul edilmiş üçtərəfli bəyanatla bağlı izahat tələb edərək bunun ermənilərin ruhunu sarsıtdığını deyir. Gördüyünüz kimi Ermənistandakı mövcud vəziyyət olduqca acınacaqlıdır. Bütün sadalananların üstünə müharibənin bu ölkənin iqtisadiyyatına vurduğu zərəri də gəldikdə deyə bilərik ki, Ermənistandakı vəziyyət bundan sonra da günbəgün ağırlaşmağa davam edəcək. Hazırda Ermənistanın xarici borcu 8 milyard dollardan çoxdur. Bu, Ermənistanın ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. Ölkənin cəmi 2 milyard dollarlıq xarici valyuta rezervləri var ki, bu da xarici borcların hətta 1/4- ni belə təşkil etmir. Makroiqtisadi göstəricilərdə, ÜDM-də azalma tempi davam edir. Bu da digər makroiqtisadi və eyni zamanda sosial göstəricilərə birbaşa təsir edir. Ümumiyyətlə, bu vəziyyətdən sonra əminliklə demək olar ki, Ali Baş Komandan və Azərbaycan Ordusu nəinki düşmən qüvvələrini darmadağın etdi, eyni zamanda düşmən ölkənin rəhbərliyini də ağır siyasi böhrana və fəlakətə düçar etdi".