"Ermənistanın cəbhə bölgəsində yerləşməyən rayonlarımıza raket atması növbəti hərbi cinayətdir"

"Ermənistanın cəbhə bölgəsində yerləşməyən rayonlarımıza raket atması növbəti hərbi cinayətdir"

"Şanlı Ordumuza məğlub olan Ermənistan çıxış yolunu müharibə zonasından uzaq bölgələri, mülki və strateji obyektləri, dinc əhalini, qadınları və uşaqları hədəfə almaqda görür".

Bunu Axeber.az-a açıqlamasında sabiq millət vəkili, politoloq Yusif Bağırzdə Ermənistan silahlı qüvvələri tərəfindən Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raket atmasına münasibət bildirərkən deyib. 

O bildirib ki, bu hadisə Ermənistanın kriminal faşist rejiminin insanlıq əleyhinə törətdiyi cinayətdir: "Bildiyiniz kimi, mənfur düşmənin hücumları nəticəsində sentyabrın 27-dən 63 mülki şəxs qətlə yetirilib, 293 nəfər isə yaralanıb. Ölən və yaralananlar arsında çox sayda uşaq və qadınlar da var. Azərbaycanın hərbi əməliyyatlar sahəsindən çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib. Mülki obyektlər və dinc əhali ilə yanaşı, Ermənistanın raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəməri də seçilib. Halbuki, Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks-hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər".

Politoloq vurğulayıb ki, bu faktlar Ermənistan siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verir: "Bütün bunlar onu göstərir ki, Ermənistan nəinki bölgə, dünya üçün böyük təhlükədir. Bu baxımdan BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və digər təşkilatlar başda Paşinyan olmaqla, qondarma rejim rəhbərliyinin qısa vaxtda məsuliyyətə cəlb edilməsi üçün tədbir görməlidir". 

Yusif Bağırzadə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları düşmənə həm hərbi texnika, həm də canlı qüvvə baxımından böyük itkilər yaşadığını deyib: "Ərazilərimizin bir hissəsi artıq erməni işğalından azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər gün xalqımızı xoş xəbərlərlə sevindirir. Bu gün Azərbaycan haqq yolundadır və beynəlxalq qanunlara uyğun olaraq, öz torpaqlarını erməni işğalından azad edir".