Fədayə ilə birgə həbs edilən polkovnik azadlığa çıxdı

Fədayə ilə birgə həbs edilən polkovnik azadlığa çıxdı

Penitensiar Xidmətin keçmiş tabor komandiri Bəhruz Abdullayev azadlığa çıxıb.

Bu barədə Axeber.az-a B.Abdullayevin vəkil Ziyad Abbaszadə məlumat verib. 

O deyib ki, B. Abdullayev məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb: “Buna görə də o, azadlığa çıxıb. Yalnız müəyyən vaxta cəzaçəkmə müəssisəsinə gedərək imza atır”

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fədayə Laçının cəzası 2 ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Məhkəmə digər şəxslərin də cəzasını azaldıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.