Füzuli beynəlxalq aeroportu Azərbaycana nə verəcək? - Politoloq açıqlayır

Füzuli beynəlxalq aeroportu Azərbaycana nə verəcək? - Politoloq açıqlayır

“Füzulidə hava limanının inşasının uzaq perspektivdə daha genişmiqyaslı hədəfləri var”. 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə deyib. 

O bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib Ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri həm Ermənistana, həm də onların havadarlarına verilmiş mesaj kimi də qəbul oluna bilər: "Belə ki, uzun illər ərzində Cıdır düzündə yallı gedərək kef məclisləri təşkil edən Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi mesajları sakitcə dinləmək məcburiyyətindədir. Bu baxımdan Şuşa səfəri Prezidentin Ermənistanda revanşizm haqqında düşünənlərə xəbərdarlıqla da müşayiət olundu". 

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edərkən Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağıraraq, Ermənistanda revanş haqqında düşünənlərə Azərbaycanın dəmir yumruğunu bir daha xatırlatdı: "Heç şübhəsiz ki, Şuşanın azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Prezidentin də qeyd etdiyi kimi, İkinci Qarabağ Müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatlarından çox danışılır. Xüsusi Təyinatlı Qüvvələrin Şuşa əməliyyatı zamanı göstərdikləri cəsarət yeni nəsil müharibə üçün ən böyük nümunələrdən biridir. Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq nümunəsi və milli ruhun təzahürüdür.

Prezidentin çıxışının təhlili göstərir ki, Azərbaycan Ermənistan siyasi dairələrinin Dağlıq Qarabağda qol-qanad açmasına qəti şəkildə yol verilməyəcək və Ermənistan rəhbərliyinin Dağlıq Qarabağa yenidən status tələb etmələrinə son qoyulmayacağı halda Azərbaycan adekvat tədbirləri görəcək: "Prezidentin “Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq” ifadələri də bu baxımdan verilmiş mesaj kimi qəbul olunmalıdır".

Yusif Bağırzadə vurğulayıb ki, səfər zamanı abidələrimizin və dini ocaqlarımızın bərpası ilə yanaşı, ümumilikdə infrakstrukturla bağlı vacib tapşırıqların verildiyinin də şahidi olduq: "Bu baxımdan Füzuli beynəlxalq aeroportunun tikintisi də olduqca böyük əhəmiyyət kəsb edir. Füzuli rayonunda beynəlxalq aeroportun tikintisi və gələcəkdə istifadəyə verilməsi ilə bağlı bir neçə vacib məqamı da qeyd etmək istərdim. Birincisi, bu aeroportun istifadəyə verilməsi həm işğaldan azad olunmuş ərazilərimizə, həm də digər bölgələrimizə əcnəbi turistlərin daha tez və rahat şəkildə gəlməsini təmin edəcək. Bildiyiniz kimi, Şuşa cənab Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu il Şuşada "Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək və təbii olaraq bu tədbirlərə kifayət qədər xarici qonaqlar da dəvət olunacaq. Nəticə etibarilə, Şuşa şəhəri daxil olmaqla, Qarabağın dağlıq bölgəsinə gələcək turistlərin sayında ciddi artım olacağı şübhə doğurmur. Turistlərin Şuşa şəhərinə gəlməsi üçün beynəlxalq aeroporta ehtiyac var. Qarabağın füsunkar gözəlliklərini seyr etmək istəyənlər artıq paytaxta deyil, birbaşa Füzuli aeroportuna gələcək. Füzuli aeroportunun işğaldan azad edilən ərazilərimizin yenidən qurulması istiqamətində də töhfələri olacaq. Nəzərə almaq lazımdır ki, Füzuli Qarabağ üçün logistik əhəmiyyətə malik olacaq. İşğaldan azad edilən digər ərazilərimizə gedəcək yollar da məhz buradan keçəcək. Şuşada mədəni tədbirlərin keçirilməsi ilə bağlı verilən qərar və xarici qonaqların dəvət edilməsi işğaldan azad edilmiş torpaqların xarici platformalarda təbliğində də xüsusi rol oynayacaq. Xarici qonaqların Şuşaya gətirilməsi ilə işğaldan azad olunan bölgələrin Azərbaycan ərazisi kimi ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında təqdimatı olacaq.

Lakin Füzuli hava limanı təkcə turizm sektorunun inkşaf etdirilməsinə hesablanmayıb. Füzulidə hava limanının inşasının uzaq perspektivdə daha genişmiqyaslı hədəfləri də var ki, onlar da Azərbaycan və Türkiyə arasında yükdaşımalarla bağlıdır. Belə ki, Füzuli hava limanından istifadə etməklə Azərbaycanla Türkiyə arasında yük daşımaları daha rahat şəkildə həyata keçirilə və Naxçıvan dəhlizi vasitəsilə qardaş ölkəyə aparıla bilər". 

Politoloq deyib ki, mümkün risklərə qarşı hərbi qüvvələrin və yüklərin bölgəyə daha tez çatdırılması və hərbi texnikanın Şuşa istiqamətndə hərəkət etməsi üçün də məhz Füzulidə hava limanına ehtiyac vardı: "Qarabağın cənub qapısı sayılan Füzulidə ordunun sürətli cəmləşməsi bütün bölgədə daha effektiv hərəkət etmək imkanını yarada bilər. Həmçinin Füzulinin İranla sərhəd olduğunu nəzərə alsaq, bu, uzaq perspektivdə cənub sərhədlərimizin möhkəmləndiriməsi baxımından da olduqca vacibdir”.