"Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi"

"Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi"

“Xalqımız tamamilə əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görülməkdə davam edəcəkdir”. 
 
Axeber.az-ın məlumatına görə, bu fikirləri politoloq Yusf Bağırzadə Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub: "Füzulinin işğaldan azad olunması ilə bağlı döyüşlər 2020-ci ilin 27 sentyabrından başlayaraq 17 oktyabr tarixinə qədər davam edib. Nəticədə 23 avqust 1993-cü ildə işğal olunan Füzuli rayonu 2020- ci ilin 17 oktyabrda Füzuli şəhərinin, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin işğaldan azad olunması ilə düşmən tapdağından qurtulub. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik təcrübəsi və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı". 
 
Politoloq qeyd edib ki, ikinci Qarabağ savaşındakı Füzuli əməliyyatı rayonun işğaldan azad olunması istiqamətində həyata keçirilən ilk əməliyyat deyildi: "Belə ki, hələ 1994-cü ilin 5 yanvarında Ümumilli Lider Heydər Əliyevin əmri ilə həyata keçirilən əməliyyat zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Birinci Qarabağ savaşında Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür". 

Y. Bağırzadə rayonun tarixi əhəmiyyətinə də toxunub: "Füzuli rayonu zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazi idi və işğaldan əvvəl rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar". 

Onun sözlərinə görə, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlər kimi də tarixə düşəcək: "Çünki 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri Füzuli şəhərini işğaldan azad etməyin mümkün olmayacağnı və ya bunun üçün aylarla vaxt lazım olacağını deyirdilər. Amma Vətən savaşının elə ilk günündə, yəni 27 sentyabrda Müzəffər Ordumuz tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilmişdir. Sonra 3 oktyabr tarixində Aşağı Əbdürrəhmanlı kəndi, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı kəndləri, 14 oktyabr tarixində Qaradağlı, Xatınbulaq, Qarakollu kəndləri, 15 oktyabrda Arış kəndi işğaldan azad olundu. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər başladı və düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Nəticədə Füzuli şəhəri də tam olaraq işğaldan azad edildi və bununla da rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş oldu. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. 
 
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermiş oldu. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
 
Artıq Füzuli də digər yaşayış məskənlərimiz kimi azaddır və hazırda rayon ərazisində böyük həcmli bərpa-quruculuq işləri həyata keçirilir. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfəri və prezident tərəfindən Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılması ilə başlayan bərpa işləri tam sürətlə davam etdirilir. Cari il ərzində ölkə başçısı artıq 4 dəfə Füzuli rayonuna səfər etmişdir və səfərlər çərçivəsində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun, o cümlədən  Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulmuş, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında “Füzuli” yarımstansiyasının açılışı həyata keçirilmişdir. Bu gün Azərbaycan xalqı tamamilə əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görülməkdə davam edəcəkdir", - deyə Yusib Bağırzadə vurğulayıb. 
 

 

 

Loading...