“Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar” - FOTOLAR

“Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar” - FOTOLAR

Bir neçə gün əvvəl intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın ailəsi hüquq-mühafizə orqanlarının bu işlə bağlı fəaliyyətindən narazıdır.

“Qafqazinfo”ya müraciət edən G.Şəmilovanın atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər: “Bu barədə bir neçə dəfə yerli polis şöbəsinə ərizə yazmışam, nazirliyin 102 xidmətinə zəng etmişəm. Amma qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı”. 

S.Quliyev iddia edib ki, istintaq da düzgün aparılmır: “Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir turba və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub özünü asmaz. Mən onu ermənilərin içindən xilas edib qucağımda gətirdim, amma burada onu ermənilərin edə biləcəyindən də pis vəziyyətə saldılar. Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, “qızını sən özün bu vəziyyətə qoymusan”. Xahiş edirəm bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin”.

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, G. Şəmilovanın ailəsi onun döyülməsi ilə bağlı hələ 2019-cu il dekabrın 20-də Ağcabədi rayon polis şöbəsinə müraciət edib: “Təhqiqat bölməsində araşdırma aparılıb. Dekabrın 27-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərəflər arasında barışıq əldə olunub”.

Sahib Quliyev iddialarını əsaslandırmaq üçün redaksiyamıza qızının işgəncəyə məruz qaldığının sübutu kimi fotolar da göndərib: