“İctimai Nəzarət Şurasının yaradılması baş verə biləcək mənfi fəsadların qarşısını öncədən ala bilər”

“İctimai Nəzarət Şurasının yaradılması baş verə biləcək mənfi fəsadların qarşısını öncədən ala bilər”

“İctimai Nəzarət Şurasının yaradılması müvafiq dövlət qurumlarına inamın artmasına səbəb olacaq”


Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin ictimai nəzarətin həyata keçirilməsinin vacibliyi haqqında fikirlərini şərh edərkən deyib. 


O bidirib ki, Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlət başçısının diqqətdə saxladığı əsas məsələlərdən biridir. “Bildiyimiz kimi Azərbaycan qanunverciliyinə görə, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai nəzarətin həyata keçirilməsi ilə bağlı qanunverici baza mövcuddur. Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 16 yanvar 2014-cü il tarixində isə ölkə başçısı bu qanunun tətbiqi haqqında fərman imzalayıb. Qanunda ictimai iştirakçılığın həyata keçirilməsi üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə kimi formaları təsbit edilib. Göründüyü kimi, cənab Prezident tərəfindən hələ 2014-cü ildə ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi hüquqi mühitin yaradılması təsdiq edilib”.


Politoloqun sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi uğurlu nəticələrin əldə edilməsi baxımından olduqca effektiv üsuldur. “Vətəndaşların qəbul olunan qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa, həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır. Düşünürəm ki, ictimai şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısını öncədən ala bilər. Bu səbəbdən də prosesin şəffaf şəkildə həyata keçirilməsinə nəzarət edilməlidir. Lakin təssüf ki, keçən yeddi ilə yaxın vaxt ərzində müvafiq dövlət strukturlarında ictimai nəzarət şuralarının yaradılması lazımi şəkildə həyata keçirilməyib. Çox az sayda icra orqanlarında belə şuralar yaradılıb ki, onun da işini effektiv hesab etmək olmaz. Çünki bəzi hallarda yaradılan ictimai nəzarət şuraları elə şəxslərdən təşkil olunur ki, onlar ya təcrübəsiz olurlar, ya da üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu belə bilmirlər. Elə prezidentin son müşavirədə üzərində xüsusi olaraq dayandığı məqam da məhz bununla bağlı idi. Prezident haqlı olaraq dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdi. Dövlət başçısı çox aydın şəkildə tapşırdı ki, dövlət qurumları ictimaiyyətdən gələn təklifləri qəbul etməli, fəaliyyətlərində şəffaf olmalı və görülən işlər haqqında məlumatları ictimaiyyətə çatdırmalıdırlar”. 


Y.Bağırzadə onu da qeyd edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev də keçən ilin dekabr ayında mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı görüş keçirmişdi. “Görüşdə həmin qurumların rəhbər şəxsləri ilə  sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirmişdi. Bu kimi nöqsanlara yol verilməməsi üçün nəzarət şuralarının yaradılması elə şəkildə həyata keçirilməlidir ki, həm şəffaflıq təmin edilsin, həm də şuraların tərkibinə seçilən şəxslər həqiqətən də ictimai nəzarəti həyata keçirmək bacarığında olsunlar”.