"İnsanlar 30 ildir xəyal qurduqları anı qeyd edirlər" - Ruslan Qurbanov

"İnsanlar 30 ildir xəyal qurduqları anı qeyd edirlər" - Ruslan Qurbanov

“Burada insanlar qonaq qəbul etməkdən həmişə məmnundurlar. Qonağı ləyaqətlə qarşılayır, görməli yerləri göstərir, köməyə ehtiyacınız varsa, çətin anlarda kömək edirlər”.

Axeber.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Zirə” klubunun futbolçusu Ruslan Qurbanov Rusiya mətbuatına müsahibəsində deyib.

29 yaşlı oyunçu futbola gəlişindən və karyerasını Azərbaycanda davam etdirmə tarixçəsindən danışıb: “Stavropolda doğulub böyümüşəm. 14 yaşına qədər yerli “Dinamo”da oynadım, sonra “Rostov”un əvəzedici komandasına getdim. Pulun dadını hiss etdikcə nizam-intizamla bağlı problemlər başladı və məni “Taqanroq”da oynamağa göndərdilər. Amma nizam-intizam problemi orada da davam etdi. Nəticədə 16 yaşından 18 yaşına qədər az oynadım. Sonra məni “Neftçi”yə dəvət etdilər. İki seçimim var idi: ya ordu, ya da futbol. “Neftçi”yə keçmək üçün 13 saat maşınla getdik. Bakını görən kimi dərhal bu şəhərə aşiq oldum. Baxışdan keçərək “Neftçi” ilə 5 illik müqavilə imzaladım. O vaxtdan bəri Azərbaycanda yaşayıram”.

Qurbanov Azərbaycan Ordusunun tarixi zəfəri ilə başa çatan müharibədən də danışıb. Hücumameyilli futbolçu ölkədə hər kəsin bunu bayram etdiyini söyləyib: “Atəşkəs barədə gecə atəşfəşanlıq səsinə oyandığım zaman öyrəndim. Pəncərəni açdım, aşağı baxdım - maşının yanında 25 nəfər rəqs edirdi. Yeni bir şey olduğunu anladım. Televizoru açdım və prezidentin bunu elan etdiyi bir çıxışı oldu. O gündən bəri şəhər yatmadı. Tıxacların olduğu küçələrdə insanlar şənliklər təşkil edirlər. Hamısı bayraqlarla - 30 ildir xəyal qurduqları anı qeyd edir. Hər şeydən öncə çox xoşbəxtəm ki, nəhayət, sülh oldu, qaçqınlar evlərinə qayıda biləcəklər, analar və atalar övladlarını gözləyəcəklər. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb əsgərlər üçün su, qida, siqaret atdıqları hallar oldu”.

Milliləşən oyunçu karyerasını bitirdikdən sonra da ölkəmizdə qalacağını deyib: “Azərbaycanda həyat sakitdir. Küçədə heç vaxt dava-dalaş görməmişəm. Ailələr axşam səssiz gəzirlər. Hətta səhər 5-də də sakit gəzə bilərsiniz. Karyeramı bitirdikdən sonra ailəmlə birlikdə Bakıda yaşamağı düşünürəm”.