"İqtisadi sahədəki uğurlarımız əhalinin sosial müdafiəsinə də müsbət təsir edir"

"İqtisadi sahədəki uğurlarımız əhalinin sosial müdafiəsinə də müsbət təsir edir"

“Həyata keçirilən məqsədyönlü sosial tədbirlər nəticəsində əhalimizin sosial müdafiəsinin gücləndirilməsi yenə də prioritet vəzifə olacaq”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin sosial-iqtisadi potensialı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, dövlət başçısının müsahibəsi özündə ölkəmizin dinamik inkişafına nail olmaq yolunda prioritetlərini əks etdirir: "Cənab Prezident müsahibəsində bu istiqamətdə qarşımızda açılmış perspektivlər və Azərbaycanın mövqeyi barədə konkret təkiflərlə çıxış etdi.

Heç şübhəsiz ki, ölkəmizin iqtisadi sahədə uğurlarının təməlində ölkəmizin iqtisadi müstəqilliyi dayanır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə uğurla həyata keçirilən daxili və xarici siyasət kursudur. Dövlət başçısının uğurlu fəaliyyəti, ölkəmizin iqtisadi gücünün artması istiqamətində vaxtında atılmış addımlar, görülmüş qabaqlayıcı tədbirlər bu gün dövlətimizin dinamik inkişafının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".

Politoloqun sözlərinə görə, ölkəmizin iqtisadi potensialı haqqında danışarkən bir neçə göstəricini sadalamaq kifayət edir ki, bu illər ərzində nələrə nail olunduğumuzu görə bilək: "Son bir ilin göstəricilərinə görə, ölkədə iqtisadi atrımın səviyyəsi 5 faizdən çoxdur. Cənab Prezidentin də qeyd etdiyi kimi, xüsusilə müharibədən çıxmış ölkə üçün bu olduqca yaxşı göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olunur. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər.

Topaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərin yenidən qurulması və bərpası ilə bağlı çəkilən böyük xərclərə baxmayaraq, ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. İxrac əməliyyatlarında da artım müşahidə olunur. Belə ki, hazırki göstəricilərə görə, qeyri-neft ixracımız 40 faizdən çox artıb və bu imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına da ölkəyə cəlb edə bilsin".

Y.Bağırzadə Prezidentin nüsahibədə toxunduğu digər vacib məqamın xarici ticarət balansı ilə bağlı olduğunu deyib: "Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Belə ki, dünyanın əksər ölkələrində idxalın ixracı üstələdiyi halda, bizdə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Sadaladığım bütün bu rəqəmlər ölkəmizin iqtisadi və sənaye artımını tamamilə əks etdirir.

Bu cür dayanıqlı iqtisadi inkişaf isə nəticə etibarilə həm manatın sabit saxlanılmasına, həm də ölkəmizdəki investisiya mühitinin formalaşmasına öz töhfələrini verir. Manatın uzun illər ərzində sabit saxlanılması həm milli valyutamıza inamın artmasına, həm də ölkə əhalisinin bu amildən faydalanmasına müsbət təsir göstərir. Manatın dəyərinin sabit şəkildə saxlanılması milli valyutamızı investorlar üçün də cəlbedici edir. Çünki Prezidentin də qeyd etdiyi kimi, milli valyutanın sabit olduğunu görən investorlar belə halda daha böyük həcmdə investisiya yatırmaqda maraqlı olurlar.

Politoloqun fikrincə, məhz bunun nəticəsidir ki, bu gün investorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur: "Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub və bunun üçün tələb olunan vəsaitin 100 faizi də investorların özləri tərəfindən təmin ediləcəkdir. Sözügedən amil ölkəmizin inkişafına və gələcəyinə inamın ən bariz təzahürüdür".

"İqtisadi sahədəki uğurlar isə təbii olaraq sosial sahədə də uğurlara gətirib çıxarır. Ölkəmizdə elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Hər birimiz şahidiyik ki, ötən illərdə də mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək haqlarının, təqaüdlərin davamlı şəkildə artırılmasına, ölkədə sosial infrastruktur layihələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılmasına, şəhid ailələrinin, müharibə veteranlarının, keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına nail olunub", - deyə Y.Bağırzadə qeyd edib.

O bildirib ki, bu siyasət 2022-ci ildə də davam etdirələcək: "Artıq bununla bağlı xeyli addımlar atılıb. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2,1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial tədbirlər nəticəsində əhalimizin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi yenə də prioritet vəzifə olacaq”.