"İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev

"İrəvana hər gün tabutlar getməlidir" - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Erəmənistanın baş naziri Paşinyan arasında keçirilən debatla bağlı müsahibə verib.

Axeber.az müsahibəni təqdim edir:

- Həmin debat Ermənistanın işğalçı dövlət kimi növbəti ifşası və Azərbaycanın böyük diplomatik qələbəsi idi. Bu debatdan sonra İlham Əliyevi Qarabağla bağlı ittiham edən rəqibləri belə onun diplomatik bacarığını, siyasi gücünü və milli maraqları müdafiə edərkən, qətiyyətli və güzəştsiz mövqeyini etiraf etməli oldular.

Təkcə bizimkilərin deyil, Ermənistan, Türkiyə, Rusiya və regionda marağı olan digər ölkələrin siyasətçiləri və siyasi ekspertləri də Əliyevin Paşinyandan təhsil, ingilis dilində fikirlərini ifadə etmək qabiliyyəti və öz mövqeyini müdafiə etmək bacarığı baxımından çox yüksəkdə dayandığını qeyd etdilər. Hamı bir daha əmin oldu ki, Ermənistan işğalçı dövlətdir və müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamaq istəyir.

Yeri gəlmişkən, Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərən "Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" fikri barədə onu demək istəyirəm ki, SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi.1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi.

- Paşinyanın Xocalı soyqırımı barədə dediklərinə münasibətiniz necədir?

- İlham Əliyev Paşinyanın yalan danışdığını sübut etməklə yanaşı, həm də dünya ictimaiyyətinə mesaj verdi ki, dünya erməniləri xarici ölkələrin mətbuatında necə böyük yalanlar dərc etdirib, həqiqəti ört-basdır etmək istəyirlər. Prezident bəyan etdi ki, Xocalı soyqırımını azərbaycanlıların özünün törətməsi barədə Mütəllibovun hansısa müsahibəsinə istinad etmək absurddur, çünki Mütəllibov sağdır və o, dəfələrlə belə bir söz demədiyini bəyan edib.

- Bu görüşün Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

- Belə bir debat ilk dəfə keçirildiyi üçün ona çox böyük beynəlxalq diqqət yönəlmişdi. Bu görüş Ermənistanda böyük mənəvi və psixoloji sarsıntı yaradıb. Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa, rəhbəri Azərbaycan Prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz. Bu cür açıq debatın bağlı qapılar arxasında keçirilən danışıqlara mütləq təsiri olacaqdır. Azərbaycan islahatları genişləndirməklə beynəlxalq nüfuzunu yüksəltməli, iqtisadiyyatını və ordusunu gücləndirməklə Ermənistana təzyiqləri artırmalıdır.

Paşiyan danışıqlarda konstruktiv mövqe tutmadığı üçün ona ayrılmış vaxt artıq bitib. Biz çalışmalıyıq ki, işğalçı ordunun əsgərlərini, hələlik geniş hərbi əməliyyatlara başlamasaq da, hər gün öldürək.

İrəvana tabutlar getməlidir. Ermənistan başa düşməlidir ki, işğala son qoymasa, ona güc tətbiqi qaçılmaz olacaq.