İrkutsk qubernatoru istefa verdi, Putin qəbul etdi

İrkutsk qubernatoru istefa verdi, Putin qəbul etdi

Rusiyanın İrkutsk vilayətinin qubernatoru Sergey Levçenko istefa verib.

Axeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Prezident Vladimir Putin onun istefasını qəbul edib. Bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

2015-ci ildən regiona rəhbərlik edən Levçenko qubernator seçkilərinin ikinci turunda 56,39% səs toplayaraq vəzifəyə başlamışdı. Onun idarəçiliyi dövründə vilayətdə bir sıra fövqəladə vəziyyətlər yaşanıb. Ancaq indiyədək onların nəticələri aradan qaldırılmayıb.

Levçenko korrupsiya haqqında qanunu pozmaqda da günahlandırılır. O, iki il ərzində bəyannamələrdə torpaq sahələrini və 3 mərtəbəli mülkünü göstərməyib. Bütün bunlar onun milli layihələr və maaşının artırılması ilə bağlı birmənalı səslənməyən açıqlamaları fonunda baş verib. Bundan başqa, yerli siyasətçilər Levçenkonu regiondakı gərgin vəziyyətə baxmayaraq, tez-tez xarici işgüzar səfərlərə çıxmaqda günahlandırırdılar.

Qeyd edək ki, Levçenkonun yerinə müvəqqəti olaraq Rusiya Fövqəladə hallar nazirinin müavini İqor Kobzev təyin olunub.