İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edildi

İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edildi

İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları istismar edən və külli miqdarda tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib.

Bu barədə Axeber.az “n-tv.de”yə istinadən xəbər verir.

İspaniyanın mülki polisi külli miqdarda siqaret istehsalı və tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Məlum olub ki, fabriklərdə ukraynalı qaçqınlar qeyri-insani şəraitdə işçi kimi istismar ediliblər.

“Europol”un da iştirak etdiyi istintaq zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs edilib. Bundan başqa, ümumilikdə 37,5 milyon avro dəyərində olan 10 ton tütün yarpağı və 3,5 milyon siqaret qutusu müsadirə edilib.

Bildirilib ki, Rusiyanın işğalçı müharibəsi səbəbindən Ukraynadan qaçan və sığınacaqlarda saxlanılan ukraynalı qaçqınlar qeyri-qanuni fəaliyyət göstərən üç tütün fabrikində işlədiliblər. Onların fabrik ərazisini tərk etmələrinə icazə verilməyib və son dərəcə ağır şəraitdə işlədiliblər.